“HAFKA” BARƏSİNDƏ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ! – Oliqarx, ötən şənbə Azərbaycandan qaçıb!

Beynəlxalq Banka ən çox borclu iş adamlarından biri olan Hafiz Məmmədov ölkədən necə və kimin yardımı ilə qaça bilib?

Beynəlxalq Bankdan götürülən böyük məbləğli kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işinin miqyası, getdikcə genişlənməkdədir. Rəsmi açıqlama verilməsə də, hər gün şərti olaraq “Cahangir Hacıyev işi” adlanan bu proseslə bağlı iş adamlarının, oliqarxların təmsilçilərinin həbsi, orta səviyyəli və hətta bəzi iri ranqlı məmurların istintaqa cəlb edilməsi haqda məlumatlar yayılır.

Nazir Ramil Usubovun nəzarəti altında Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən aparılan cinayət işi üzrə məsuliyyətə cəlb edilənlərin adları, bir çox hallarda gizli saxlandığından, həbs olunanlar və axtarışa verilənlər barədə məlumatları, mətbuat özəl kanalları vasitəsilə əldə edir.

“AzPolitika.info” da özəl mənbələri vasitəsilə belə məlumatlardan növbəti birini əldə edib. Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, bir neçə gün öncə adı banklardan kredit kimi götürülmüş pulların mənimsənilməsi işində keçən 6 sahibkar barədə həbs-qətimkan tədbirinin seçildiyi, daha 6 iş adamının həbsinə isə Baş Prokurorluğun sanksiya verəcəyi ilə bağlı məlumat yayıldı. Ancaq həmin sahibkarların kimliyi barədə məlumat verilmədi.

cahangir haciyev beynelxalq bank istefa azpolitika.info 1“AzPolitika.info”-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, barəsində həbs-qətimkan tədbiri seçilən iş adamlarından biri də, məşhur oliqarx, “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmdovdur.

Məlumata görə, Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri Nəsimi rayon məhkəməsi tərəfindən mayın 18-də seçilib. Ancaq Hafiz Məmmədovu həbs etmək mümkün olmayıb. Belə ki, bu qərarın verilməsindən 2 gün əvvəl - mayın 16-da "Hafka" ölkədən qaça bilib. 

Həbs ediləcəyindən əvvəlcədən xəbərdar olan Hafiz Məmmədovun Azərbaycandan necə və hansı ölkəyə qaçdığı məlum deyil.

Qeyd edək ki, Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində “Hafka”nın indiyədək həbsə alınmaması və ya onun istintaqa cəlb olunduğu barədə məlumatların olmaması təəccüb doğururdu. Çünki Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmayanlardan biri də məhz Hafiz Məmmədovdur. Banka bir neçə 100 milyon manat (!)  borcu olan “Hafka”, aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilib.

Bu haqda hələ bir il öncə “AzPolitika.info” özəl mənbələrinə istinadən məlumat yaymış (bax: “BEYNƏLXALQ BANK HAFİZ MƏMMƏDOVU MƏHKƏMƏYƏ VERDİ – 100 milyonlarla manatlıq çəkişmə” başlıqlı yazıya), Hafiz Məmmədovun böyük həcmdə krediti necə mənimsədiyinə dair faktları açıqlamışdı.

1hafXatırladaq ki, Hafiz Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat krediti 2008-ci ildə yaratdığı “Baghlan Group” holdinqin adına götürüb. Ancaq bir müddət sonra - konkret olaraq 2013-cü ilin ortalarında, həmin dövrə qədər ən gəlirli şirkətlərdən biri hesab olunan “Baghlan Group” holdinqin maliyyə vəziyyətinin ağırlaşdığına dair məlumatlar yayılmağa başladı. Hətta 2013-cü ilin sonlarına yaxın şirkətin banklara olan külli miqdarda borcunu ödəyə bilmədiyini əsas göstərən reytinq agentliyi "Baghlan Group” holdinqin kredit reytinqini aşağı saldı. Sonradan isə ümumiyyətlə, şirkətə verdiyi reytinqi geri çağırdı və onun iflas ərəfəsində olduğunu bəyan etdi.

AzPolitika.info” isə holdinqin birdən-birə iflasa getməsinin Hafiz Məmmədovun düşünülmüş addımı olduğu, aldığı 100 milyonlarla krediti qaytarmamaq üçün bu addımı atdığını vurğulamışdı. Hər halda cəmi 6 il əvvəl yaradılan və ən gəlirli sahələrdə fəaliyyət göstərən bu holdinqin birdən-birə iflas etməsi xəbərinin yayılması təəccüblü idi. Belə ki, şirkətin iflasının elan olunması ilə onun Beynəlxalq Banka olan borcları da faktiki olaraq batmış hesab olunacaq. Beynəlxalq Bank isə dövlətindir. Yəni, istisna deyil ki, “Hafka” yüksək reytinq-iflas oyunları ilə dövlətin 100 milyonlarla pulunun sahibinə çevrilmək istəyib… Ancaq bacardığını söyləmək mümkün deyil.

Əvvəlcə Hafiz Məmmədovun bütün biznesinin əlindən alınması, indi isə barəsində həbs-qətimkan tədbirinin seçilməsi göstərir ki, hakimiyyət “Hafka”nın yüksək reytinq-iflas oyunlarına aldanmayıb. Onu bitirmək, əlində nəyi var almaq qərarı verib.

Yeri gəlmişkən, bir müddət əvvəl Fransanın “France Fotball” nəşri H.Məmmədovun Avropa banklarının birində “qarantiya altına alınmış" hesabda 1 milyard avro pulunun olduğunu yazmışdı. Mümkündür ki, hökumətin indiyə qədər H.Məmmədova toxunmamasının bir səbəbi də, onda həqiqətən bu qədər vəsaitin olub-olmadığını dəqiqləşdirmək, varsa müxtəlif vasitələrlə ölkəyə qaytarmasını, ən azı banklara olan borcunu bağlamasını təmin etmək olub. Ancaq görünür, ya bu məlumat doğru çıxmayıb, ya da H.Məmmədovun xoşluqla ölkəyə pul qaytarmayacağına hökumətdə əminlik yaranıb ki, onun həbsinə qərar verilib.

Murad Məmmdov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar