“Putin riskə gedərək Ukraynaya genişmiqyaslı müdaxilə edəcəkmi?”
Qərbdəki müşahidəçilər Moskvanın bundan sonra Ukraynada və digər yerlərdə hansı addımları atacağını müəyyənləşdirməyə cəhd göstərirlər. Vladimir Putin şərqi Ukraynanın bir hissəsinin işğal olunmuş ərazılərinin kənarına çıxacağı halda, Qərbin reaksiyasına qarşı duruş gətirəcəyini düşünürsə, onda ola bilərki, Kreml rəhbəri Rusiya ilə Krım arasında quru sahəsi vasitəsilə körpü yaratmağa cəhd göstərəcək. Ancaq belə olan vəziyyətdə məntiqi sual doğur: Görəsən onlar Əfqanıstan işğalından sonra iqtisadi və siyasi məhdudiyyətlər ucbatından Sovet İttifaqının çöküşünün sürətlənməsini diqqətə almayıblarmı? (Newsweek)
Kremlin Ukraynaya qarşı təşkil etməyə hazırlaşdığı yeni hücum qərarını, bəlkə də irrasional adlandırmaq olmaz. NATO-nun baş katibi general Filipp Bridlav xəbərdarlıqla deyib ki, Rusiya silahlı qüvvələri yenidən qruplaşmağa başlayıblar və bu da Ukraynaya qarşı yeni hücuma hazırlıq ola bilər. Əgər bu baş verərsə, onda həmin əməliyyatın həyata keçirilməsi üçün lazım olacaq əsgərlərin sayı, Rusiya tərəfinin müharibədə iştirak etmədikləri iddiasına son qoyacaq. Çünki onların əsgər ölümlərini gizlətmək imkanları da xeyli dərəcədə mürəkkəbləşəcək.
Bu yaxınlarda iki rus əsgərinin Kiyev tərəfindən yaxalanması, Rusiya ordusunun Ukraynaya müdaxiləsi barəsində xüsusi məruzə hazırlayan qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun haqlı olduğunu bir daha təsdiq edir. Kreml yəqin ki, məsələlərə daha geniş miqyaslı silahlı hücumlardan sonra Qərbin iqtisadi sanksiyaları sərtləşdirəcəyi nöqteyi-nəzərindən yanaşacaq. Bu gün Avropada mövcud olan müxalifətin təsirlərini nəzərə alan Moskva, Ukraynanın Qərb tərəfindən silahlandırılacağına şübhə ilə yanaşır. Qərbin Ukraynaya göndərəcəyi silahların hərbi baxımdan həlledici rol oynayacağını yaxşı anlayan Kreml, çox güman fikirləşir ki, silahların çatdırılmasına qədər, onlar istənilən halda qələbə qazana biləcəklər. Moskva NATO güclərinin müdaxilə edəcəyinə isə qətiyyən inanmır. Kreml belə hesab edir ki, ümumi yekunda zəbt olunmuş ərazilər daimi qazanc kimi onlara qalacaq. O ki qaldı Qərbin tətbiq etdiyi sanksiyalara və dığər xoşagəlməz tədbirlərə, bunların hamısı zamanla sönüb gedən şeylərdir.
Qarşıda əsəs sual kimi dayanan məsələlərdən biri daha geniş hücumların Rusiyaya necə təsir göstərməsidir. Çünki sanksiyalar, enerji resurslarının aşağı qiymətləri və dövlətin lüzumsuz müdaxilələri iqisadiyyatı artıq kifayət qədər zəiflədib. Ümumi Daxili Məhsuldakı dəyişiklik böyük olmasa da, istehlak 10% düşüb, iqtisadi sərmayə qoyuluşu isə kəskin azalıb.
Rusiyadakı qarşısıalınmaz korrupsiyanın vurduğu ciddi zərbələr nəticəsində istehlak məhsulları və xidmət sektorundakı qiymətlər hədsiz yüksəlir. Həm də ki, Krım və şərqi Ukraynanın işğala məruz qalmış əraziləri hələ uzun illər ərzində Moskva üçün böyük maliyyə yüküdür. Digər düşündürücü məqam isə yeni hərbi əməliyyatların Kreml hakimiyyətinin ictimai nüfuzunu hansı şəkildə möhkəmləndirməsi məsələsi ilə bağlıdır. Düzdür, Krımın ilhaqı Putinin populyarlıq reytinqini qaldırsa da, lakin bu, hakimiyyət içərisində müəyyən çatlaqların da əmələ gəlməsinə yol açmışdı. Məsələn, Putin vaxtilə özünün də rəhbərlik etdiyi Federal Təhlükəsizlik Xidməti ilə onun himəyadarlıq etdiyi Çeçenistan lideri arasında yaranmış mübahisəyə tam nəzarət edə bilmir. Çeçenistan rəhbəri Ramzan Kadırov onun izni olmadan regiona gələn federal əməkdaşlara atəş açmağı əmr verib.
Putinin yardım göstərdiyi qatı rus millətçiləri, çar Rusiyası zamanı mövcud olmuş və Ukraynanın cənub şərqini əhatə etmiş “Novorossiya”nın torpaqlarının zəbt olunmamasından xeyli narazı qalıblar. 2000-ci illərdə enerji daşıyıcılarının qiyməti yüksək olduğu zamanlarda Putin böyük populyarlıq əldə etmişdi. Amma bu gün həyat standartları aşağı düşdüyünə görə narazılıq da artmağa başlayıb.
Digər məsələ isə yeni hücumların Rusiyaya beynəlxalq hörmət gətirməsindən ibarətdir. Ukraynaya soxulmaq və Baltik ölkələri yaxınlığında, onları qorxutmaq məqsədi ilə keçirilən hərbi təlimlər NATO silahlı qüvvələrini bir qədər də Rusiya sərhədlərinə tərəf yaxınlaşdırır. Qərbdən və kapital bazarından təcrid olunma, həmçinin də enerji resurslarının qlobal qiymətlərindəki ucuzlaşma, Çin ilə aparılan danışıqlar zamanı Rusiyanın mövqeyini zəiflədir. Kommersiya əlaqələrinin artmasına baxmayaraq, Rusiya Çin ilə münasibətlərdə getdikcə kiçik bir əməkdaş rolunda çıxış edir.
Bir il hərbi xidmət göstərən çağırışçılardan asılı olan Rusiya silahlı qüvvələrinin, zəbt ediləcək yeni Ukrayna ərazilərini əldə saxlamaq və onu nəzarət altında tutmaq bacarığına nə dərəcədə malik olcaqları isə hələlik bəlli deyil. Əgər Kreml Ukraynada gələcəkdə də təcavüzkar fəaliyyət göstərmək niyyətindədirsə, onda bu Rusiya üçün çox ağır bir seçım olcaq.
Tarixdən yaxşı bəllidir ki, vaxtilə bir neçə yaşlı Sovet rəhbəri 1979-cu ildə Əfqanıstana müdaxilə etmək üçün geniş miqyaslı hərbi əməliyyatların aparılmasına razılıq vermişdi. Həmin dövrdə Sovet iqtisadiyyatı aşağıya doğru yuvarlanırdı, mənasız müharibə isə ona böyük zərbələr vururdu. Əfqanıstan müharibəsi zamanı xeyli sayda əsgər həlak olmuşdu. Hakimiyyət indiki kimi o vaxt da itkiləri gizlətməyə çalışırdı. Əfqanıstana müdaxilədən on il sonra Sovet qoşunları bu ölkəni tərk etdilər. İki ildən sonra isə Sovet İttifaqı dağıldı. Sözsüz ki, Rusiyanın Ukraynaya qarşı hücumu, öz miqyasına görə sovetlərin Əfqanıstana müdaxiləsi ilə müqayisəyə gəlməz. Amma yenə də Sovet dövründə olduğu kimi məhdud sayda Kreml liderinin verdiyi qərarla, öz qonşularına qarşı güc tətbiqinə əl atması tarixi, sanki bir daha təkrarlayır.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər