“ABŞ–ı və onun irəli sürdüyü demokratik idarəetmə üsulunu qəbul etməməkdən başqa, Rusiya ilə Çini bir-birinə bağlayacaq ciddi bir ideya yoxdur”

Rusiyanın özü üçün təhlükəsizlik zonası saydığı keçmiş Sovet respublikalarının işinə NATO-nun müdaxilə etməsi, Moskvanı ciddi təlaşa salaraq, onu daha artıq silahlanmaya təhrik edir. Vaşinqtondakı çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansın üzvü olmayan ölkələrə də yardım göstəriləcəyinə söz verib. Əgər burada söhbət İsveç və İsveçrə kimi ölkələrdən gedirsə, deməli bunun Rusiya üçün hər hansı problem olmayacağı tamamilə aydındır.

Lakin Stoltenberq bildirib ki, NATO Ukrayna, Moldava və Gürcüstanda stabilliyi müdafiə etmək məsələsini öz qarşısında əsas məqsəd kimi qoyub. Yəni baş katibin bu sözlərindən belə bir nəticə çıxarmalıyıq ki, NATO Rusiya ilə münaqişə yaşayan ölkələrə yardım göstərəcəyini açıq şəkildə bəyan edir. Beləliklə də NATO, faktiki olaraq, Rusiyadan duelə dəvət almağı qəbul etmək fikrində olduğunu göstərir. Buna Krımın ilhaq edilməsi və Ukraynaya qarşı yönəldilmiş hərbi təcavüz siyasətini nümunə olaraq göstərə bilərik. (Hamburger Abenblatt)

Digər yandan isə NATO Rusiyanın yaxın xaric adlandırdığı və həmçinin də özünün təhlükəsizlik zonası hesab etdiyi məkana doğru yürümək niyyətindədir.

Hazırda Qərb və Rusiya münaqişə vəziyyətindədirlər və bu münaqişənin indiki siyasi gərginlik fazası olduqca təhükəli xarakter almağa başlayıb. Çünkü “Moskva çarı” Vladimir Putin strateji güc mövqeyindən deyil, tamamilə əks istiqamətdə hərəkət edir. NATO-dan başqa Rusiya güclənən Çin ilə də qarşı-qarşıya gələcək. Pekin ilə Moskva arasındakı pafoslu müqavilələr starteji baxımdan elə də böyük əhəmiyyət daşımır. Ona görə ki, ABŞ–ı və onun irəli sürdüyü demokratik idarəetmə üsulunu qəbul etməməkdən başqa, Rusiya ilə Çini bir-birinə bağlayacaq ciddi bir ideya yoxdur. Əgər məsələyə daha dərindən və diqqətlə yanaşsaq, onda bu iki dövlətin dostdan ziyadə rəqib olduqları aşkarlanar.

Putin Rusiyanın böyük dövlət statusunu saxlamağın yeganə yolunu geniş miqyaslı silahlanma və təcavüzkar xarici siyasət yürütməkdə görür. Onun atdığı bu təhlükəli addımlar güclü qorxunun təsirindən yaranıb. Beləki, əgər 2013-cü ildən 2014-ün qışına kimi Rusiya ordusu 250 hərbi təlim keçirmişdisə, 2014-cü il dekabrının sonuna kimi bu təlimlərin sayı 886-ya qalxmışdı. Əlavə olaraq Rusiya bombardmançı təyyarələrinin NATO ölkələrinin sərhədlərində onların reaksiyasını yoxlaması və Ukraynanın şərqindəki ordu birləşmələrinin sayının artırılması böyük qorxunun əlamətləridir.

Göründüyü kimi, NATO və Rusiya irimiqyaslı hərbi təlimlər vasitəsilə bir-birlərinə qarşı müəyyən təəssürat yaratmağa cəhd göstərirlər. Əgər bütün bunların üzərindən məşhər kolgəsi asılmasaydı, onda baş verənlərin hamısını uşaq oyuncağı adlandırmaq olardı. Qərblə yaşanan hazırkı qarşıdurmada, Putin üçün söhbət milli qürürdan, Rusiyanın strateji statusundan və ən nəhayət isə şəxsi siyasi həyatından gedir. Bəllidir ki, bunun naminə o, bütün vasitələrdən istifadə etməklə, istənilən riskə getməyə hazırdır. Uzaq perspektivdə NATO, Ukrayna və Gürcüstan kimi ölkələrə öz seçdikləri yolla getməyə köməklik göstərə bilər. Ancaq hələlik indiki şəraitdə başlıca məsələ münaqişənin arzuolunmaz səviyyələrə qədər yüksəlməsinin qarşısını almaq üçün böhran vəziyyətinin cığırından çıxmasına imkan verilməməsindən ibarətdir.

Vaqif NƏSİBOV

AzPolitika.info