Xəbər verildiyi kimi, Rusiya Federasiyasının (oxu - Rusiya imperiyasının) prezidenti (oxu - Rusiya imperatoru) Vladimir Putin Azərbaycanda yerləşən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) başçısı, Azərbaycan vətəndaşı Hacı Allahşükür Paşazadəni növbəti dəfə mükafatlandırıb - bu dəfə Fəxri Fərmanla. Məlumatı mayın 29-da APA xəbər agentliyi yayıb.

Xəbərdə qeyd olunur ki, bundan əvvəl hörmətli şeyxülislam Rusiyanın «Dostluq», «Şöhrət» ordenləri, Rus Pravoslav Kilsəsinin «Böyük knyaz Vladimir» adına 1-ci dərəcəli ordeni, «Müqəddəs Sergey Radonejski» adına 1-ci dərəcəli ordeni və «Şöhrət və Şərəf» ordeni ilə təltif olunub. Göründüyü kimi, böyük bir kolleksiyadır - «düşərli olsun» deməkdən başqa çarə qalmır, fəqət bir əmması olmasaydı...

Əmması burasındadır ki, din xalimi (cənubi Qafqazın dini lideri) olan bu şəxs Azərbaycan vətəndaşıdır. Amma öz ölkəsində bu qədər təltifi yoxdur. Müqayisədən belə bir zahiri nəticə çıxarmaq olar ki, sanki bu şəxs Azərbaycan Respublikasının yox, Rusiya Federasiyasının vətəndaşıdır və buna müvafiq olaraq, əmək fəaliyyəti boyunca daha çox, Rusiya dövlətinə xidmət göstərib.

Maraqlıdır ki, hörmətli şeyx özü də bunu üstüörtülü şəkildə etiraf edib. Növbəti təltiflə bağlı o, öz fikrini belə ifadə edib ki, şəxsi həyatı Rusiya ilə bağlıdır: «Biz keçmiş Sovet İttifaqında birgə yaşamışıq. Bu gün də Azərbaycan və Rusiya əlaqələri möhkəmdir və BİZ DƏ BUNDA AKTİV ROL OYNAYIRIQ (seçmə mənimdir - M.A.)».

Təşəkkür çıxışı zamanı şeyx qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin ona münasibəti yüksək səviyyədədir: «Putinin mənə yüksək münasibəti, ETİMADI (seçmə mənimdir - M.A.) var. Bunu onunla görüşümüzdə də bildirib. Mən də həmişə çalışmışam ki, bu ETİMADA SADİQ, SƏDAQƏTLİ (seçmə mənimdir - M.A.) olum...».

İlk baxışda, hər şey normal kimi görsənir. Amma təltifin və bunun ətrafında deyilənlərin mahiyyətinə vardıqca, bəzi məntiqi suallar boy verir. Məsələn, Azərbaycanın dini liderinin Rusiya dövlətinin başçısına (imperatora) sədaqətindən danışması nələri özündə ehtiva edir və ya edə bilər?

Əvvəlcə qeyd edim ki, belə təltiflər dünya təcrübəsində dayanıqlı yer almış davranış formalarından biridir. Amma bir dövlətin başçısının başqa bir dövlətin vətəndaşına bunca böyük diqqət və «etimad»ı hər saat təsadüf olunan gerçəklik deyil. Nədən ki, imperatorla adi din xadimini yalnız «ülvi hisslər bağlayır»-deyə, düşünmək ən yaxşı halda, sadəlövhlük olardı. Bəs belədirsə, şeyxülislamla Rusiya imperatoru daha hansı tellərlə bir-birinə bağlı ola bilər?

Bu suala şeyx özü «təşəkkür çıxışı»nda qismən cavab verib. Deyib ki, onun həyatı «Rusiya ilə bağlıdır». Yəni ki, Putinlə Paşazadəni ortaq keçmiş bağlayır. Ortaq keçmiş deyərkən isə şeyx özü SSRİ-dəki fəaliyyət ortaqlığına işarə edib və s.

Belədə, düşünməli olursan - SSRİ-nin mövcudluğu illərində Putin nə işlə məşğul olub? Təfərrüata varılmasa da, yayılan rəsmi xəbərlərdə deyilir ki, Rusiya prezidenti Vladimir Putin sözügedən dövrdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) strukturunda çalışıb (DTK generalı Kaluginin dediyinə görə, mayor olub).

Bəs, hörmətli şeyxülislam həmin illərdə hansı işlə məşğul olub? Qeyri-rəsmi söhbətləri ciddiyə almasaq, suala qısa cavab vermək olar - dindarlıqla məşğul olub. Belədirsə, o dövrdə DTK-nın xristian əməkdaşı ilə müsəlman din xadiminin yolu məhz hansı nöqtədə kəsişə bilərmiş ki?! Bax, bu sual ətrafında düşüncələrə daldıqca, şeyxin «Putinə sədaqəti» barədə dilə gətirdiyi fikir «çərxi-fələk» kimi göz önündə elə hey, dövr edir!

O da aydındır ki, sadə dindarın böyük bir imperiyanın başçısına sədaqətindən yox, sədaqətlə xidmət etməsindən danışmaq daha məntiqi olardı. Bəs, bu «sədaqətli xidmət»in şifr açarı görəsən, hardadır? Bəlkə, «toz basmış» arxivlərdə?

Konkret fikir söyləmək çətindir, amma bir atalar məsəlində deyildiyi kimi, «görünən dağa nə bələdçi»...

Yəni ki, «Kral öldü - yaşasın Kral»!

Umacağımız da var. Nə olardı, hörmətli şeyxülislam Putinə «sədaqətlə» etdiyi xidmətin 1/10-ni də Azərbaycana yönəlik sərgiləsəydi?!

Mirzə AĞ

AzPolitika.info