Səbail rayonunda, «Dostluq» parkı deyilən ərazidə həyata keçirilən «villa qətliamı» barədə artıq məlumat verilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov o zaman demişdi ki, «mənim bu villalardan xəbərim yoxdur». Prezident İlham Əliyev isə məmurlara eşitdirərək, demişdi ki, hamımız Azərbaycanda yaşayırıq, bilirik ki, burada heç kim icazəsiz heç nə edə bilməz...

Amma əlahəzrət fakt ortada idi - park üçün nəzərdə tutulmuş ərazidə villalar ucalmışdı. İcazəli-icazəsiz...

O zaman Bakının «qradonaçalniki» Hacıbala Abutalıbov həmin «qanunsuz villalar»ın bazar qiymətini də müəyyən etmişdi - «5-10 milyonluq villalardır» demişdi. Sonra da demişdi ki, sahiblərini tapa bilmirik və s.

Burada mümkün iki variantdan danışmaq olar. Birincisi, əgər villalar qanunsuz (müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan) tikilibsə və bu «guphagup»dan Abutalıbovun xəbəri olmayıbsa, deməli bu kişi öz vəzifəsini ya icra edə bilmir, ya da icra etmək istəmir!

İkincisi, villaların tikintisinə müvafiq orqanlar icazə veribsə (hər nəyin müqabilində olursa-olsun), deməli Abutalıbov bu işdə birbaşa məsuliyyət daşıyır. Bu zaman söyləmək çətindir ki, villa tikənlər «müvafiq icazə»ni nəyin qarşılığında ala biliblər. Hər necədirsə, aydındır ki, bu icazə «lopux» müqabilində verilməyib-alınmayıb! Buradan da aydın görünür ki, villaların tikintisinə «icazə»nin alınması müəyyən məbləğin (leqal və qeyri-leqal) qarşılığında baş tutub - bu, həmin villalara çəkilən xərcin bir hissəsi...

Sonra gəlir, «icazə»nin müvafiq hökumət idarələri ilə razılaşdırılması. Aydındır ki, bu «mərhələ» də müəyyən xərc hesabına keçilir. Bu da tikintiyə çəkilən xərcin digər hissəsi...

Tikintiyə çəkilən birbaşa xərclərin həcmini hörmətli «qradonaçalnik» özü bəyan edib - 5-10 milyon manat! Bu da oldu xərclərin «növbəti tranşı»...

Dünən ANS televiziyasına danışan höpmətli «qradonaçalnik» bildirdi ki, indiyə qədər özünün rəhbərliyi altında 42 «icazəsiz villa» sökülüb, yəni ki, viran qoyulub!

Heç şübhəsiz ki, villaların sökülməsi-viran qoyulması da müəyyən xərc tələb edir ki, bunu da «epiloq xərc» adlandırmaq olar...

Beləliklə, icazə almağa (göz yummağa) XƏRC, «razılaşdırmağa» XƏRC, tikməyə XƏRC, sökməyə (viran qoymağa) XƏRC!

Bəs, bu pullar haradan «meydana gəlib»? Şübhəsiz - Azərbaycanın canından minbir fırıldaqla, çıxarılıb! O Azərbaycanın ki, yüz minlərlə evsiz-eşiksiz qaçqını-köçkünü onun-bunun «bucağına sığınıb», on minlərlə köçkün cavanı evsizlik (mənzilsizlik) üzündən evlənib ailə həyatı qura bilmir!

Belə bir vəziyyətdə 42 villanı uçurub-dağıtmaq nə deməkdir?! Məndən soruşan olsaydı, «sərsəmlikdən başqa bir düşmənçilik deyil!» - deyərdim...

Xərclərin bir qismini nəzərə almayıb, təkcə tikintiyə çəkilən xərci Abutalıbovun «daxili ölçü vahidləri sitsteminin» dili ilə ifadə etsək və hər villaya çəkilən xərci cəmi 1 milyon manata qədər «yuvarlaqlaşdırsaq», onda belə məlum olar ki, Abutalıbovun «söküntü» kampaniyası zavallı Azərbaycana nə az, nə çox, ümumilikdə 42 milyon manata başa gəlib! «Qradonaçalnik» də «uf» demədən, həmin milyonları bir-iki günün içərisində «xəzri»yə verdi...

Əhsən, belə idarəçiliyə! Əhsən, belə «professor»luğa! Əhsən, belə vətəndaşlığa! Əhsən, belə YAPçılığa! Nəhayət, əhsən belə «insanlığa»!

Mirzə AĞ

AzPolitika.info