İran səfiri ticarət dövriyyəsinin 1 mlrd dollar olduğunu, Azərbaycanın rəsmi qurumları isə bundan 3 dəfə az olduğunu göstərir
Gürcüstan və İranla xarici ticarət dövriyyəsində 1 mlrd 200 mln dollarlıq fərq hara yoxa çıxıb?
İranın Azərbaycandakı səfiri Möhsin Pakayin ölkəsinin KİV-lərində dərc etdiyi məqaləsində Azərbaycan-İran münasibətlərinə toxunub. Trend-in məlumatına görə, səfir 2013-cü ildə İran və Azərbaycan arasında ticarət mübadiləsi 23 faiz artdığını deyib: "Çamadan ticarəti, turizm, tranzit, enerji mübadiləsi və texniki xidmətlərdən əldə olunan gəlirlərin hesablanması ilə iki ölkə arasında ticarət mübadiləsi 1 milyard dollara çatıb".
İrandan əsasən ərzaq, kənd təsərrüfatı məhsulları gətirilir, Azərbaycandan isə yüngül sənaye, bəzi avadanlıqlar aparılır.
Bir qayda olaraq Azərbaycanın xarici ticarət tərəfdaşlarının açıqladığı rəqəmlər Azərbaycan tərəfinin açıqladığı rəsmi rəqəmlərlə üst-üstə düşmür.
Bir müddət əvvəl Gürcüstanla iqtisadçı Rövşən Ağayev Azərbaycan hökumətinin 2012-ci ildə təkcə Gürcüstandan idxal olunan məhsulun dəyərini əslindən təxminən 5 dəfə az rəsmiləşdirdiyini açıqlamışdı. Belə ki, 2012-ci ilin nəticələrinə görə, Azərbaycan gömrüyü Gürcüstandan idxal olunan malların hər 5 dollarından 1-ni qeydiyyata alıb. Gürcüstan milli statistika orqanının rəqəmlərinə əsasən, 2012-ci ildə qonşu ölkədən Azərbaycana 626.8 milyon dollar həcmində məhsul ixrac olunub. Azərbaycanın statistika qurumu isə həmin məbləği təxminən 5 dəfə az, yəni 129.9 milyon dollar göstərir.
İranla xarici ticarət əlaqələri ilə bağlı rəsmi məlumailara nəzər salanda da eyni mənzərənin şahidi olmaq mümkündür.
Belə ki, Gömrük Komitəsinin ötən ilin 7 ayı ilə bağlı açıqladığı məlumatda İranla xarici ticarət dövriyyəsi 167,7 milyon dollar təşkil etdiyi göstərilirdi.
Qurumun rəsmi saytından isə dekabr ayı istisna olmaqla digər aylarla bağlı məlumatı əldə etmək mümkündür. Qalan 5 ay ərzində 832,3 mln dollarlıq ticarət dövriyyəsinin olması isə mümkünsüz görünür. Üstəlik İran tərəfi 2012-ci illə müqayisədə ölkə arasında ticarət dövriyyəsinin azaldığını deyir.
Dövlət Statistika Komitəsinin 2012-ci il üçün məlmatlarına görə, İranla xarici ticarət dövriyyəsi 263 mln 787 mln dollar təşkil edib. Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilən məlumata əsasən, ötən ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 257 mln 943 min dollar təşkil edib. Bu da İran tərəfinin açıqladığı rəqəmdən təxminən 742 mln dollar azdır. Hər ay cənub qonşu ilə ticarət dövriyyəsinin təxminən 20-25 mln dollar təşkil edir. Dekabr ayında da göstəricinin təxminən o qədər olacağını gözləmək olar. Bu halda sual yaranır - ordakı təxminən 720 mln dollarlıq fərq hara yoxa çıxıb?
Kiçik hesablama göstərir ki, xarici ticarət dövriyyəsində yalnız Gürcüstan və İran tərəfinin açıqladığı rəqəmlər arasında Azərbaycan tərəfinin açıqladığı məlumatlar arasında 1 mlrd 200 mln dollardan artıq fərq var.(azadlıq.info)

Şərhlər