Bir neçə gündür ki, Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəli ilə bağlı qalmaqal yaşanır. İctimaiyyət nümayəndələri, media, hətta bəzi deputatlar milli dövlətçilik ideologiyasının banisi, Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən biri Rəsulzadəyə qarşı bu cür hörmətsizliyə etiraz edirlər.
Bu etirazların nəticəsi olaraq iyunun 1-də abidənin üzərindəki örtük götürüldü. Ancaq iyunun 2-də büstün üstü yenidən örtülüb.

Qeyd edək ki, bu məsələ parlamentin sonuncu iclasında müzakirəyə çıxarılmış, deputat Sabir Rüstəmxanlı Rəsulzadənin büstü ilə bu cür davranışa görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısını sərt formada tənqid etmişdi.
Deputat Musa Quliyev isə həmkarının bu tənqidinə daha sərt formada cavab verərək demişdi ki, S.Rüstəmxanlı ilə nəqliyyat naziri Ziya Məmmədov qudadırlar. Həmin park da Nəqliyyat Nazirliyinin balansındadır. “Qudasından xahiş etsin, büstün başına keçirilən çuvalı çıxartdırsın” – deyə M.Quliyev məsələyə öz münasibətini bu formada bildirmişdi.
Bundan sonra məsələyə Z.Məmmədovun deputat qardaşı Elton Məmmədov da qarışmışdı və Musa Quliyevi "boş-boş danışmaqda" suçlamışdı.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin buna cavabı isə özünü çoz gözlətməyib. İcra başçısı Cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin büstünün illərlə torba keçirilərək saxlanılması ilə bağlı qısa danışıb. O, musavat.com-a açıqlamasında bildirib ki, məsələnin ona aidiyyatı yoxdur: “Aidiyyatı üzrə müraciət edin. Həmin park Dəmiryol İdarəsinin balansındadır”.
Yəni, Elmar Vəliyev də Rəsulzadəyə qarşı bu cür hörmətsizliyə yol verənin o olmadığını bəyan edib.
Beləliklə, bu məsələdə ittiham olunan hər iki tərəf hadisəyə görə məsuliyyət daşımadığını bəyan edib. Bəs onda Rəsulzadənin büstü ilə bu cür davranışa görə, məsuliyyəti kim daşıyır?

Həm Ziya Məmmədov, həm də Elmar Vəliyev bu məsələyə aidiyyatları olmadıqlarını bəyan etdiklərindən, qalır bircə Cavid Qurbanov!
Qeyd edək ki, Dövlət Dəmiryol İdarəsi Nəqliyyat Nazirliyinin tabeçiliyində olsa da, bu ilin fevralından qurumun rəhbərliyinə gətirilən Cavid Qurbanovun müstəqil hərəkət etdiyi, Ziya Məmmədovla hesablaşmadığına dair əsaslı iddialar var. Odur ki, bu məsələnin də məhz Cavid Qurbanovun iradəsi əsasında baş verdiyi istisna deyil.
Məsələ ondadır ki, nə Rəsulzadənin büstü həmin parka yeni qoyulub, nə də Ziya Məmmədov yeni vəzifəyə gəlib. Elmar Vəliyev də artıq neçə ildir ki, Gəncə Şəhər İcra Hakimiyyətinə rəhbərlik edir. Məntiqlə onlar Rəsulzadənin büstünü həmin parkda görmək istəməsəydilər, bunu indiyədək edərdilər.

Murad Məmmədov
AzPolitika.info

Şərhlər