"Müsavatın “Milli Şura seçkilər üçün yaranmışdı” bəyanatı, düzgün yanaşma deyil"
Müsavat Partiyasının Milli Şuradan getməsinə gəlincə, bu tamamilə gözlənilən idi. Bunu Virtualaz.org-un müxbiri ilə söhbətində “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev deyib: “Mən adətən, təmsil olunduğum qurumları tərk etmirəm. Yox əgər, tərk edirəmsə, onda bu addımı hamıdan sonra atıram. Müsavat Partiyasının Milli Şuradan getməsinə gəlincə, bu tamamilə gözlənilən idi. Bu partiya Milli Şura yaranan gündən onun demokratiya uğrunda səmərəli mübarizə aparacağına şübhə ilə yanaşırdı. Seçki ərəfəsində Müsavat seçkidə iştirak etməyin tərəfdarı kimi çıxış etdi, baxmayaraq ki, əksəriyyət boykota üstünlük verirdi. Qurumda vəziyyətin gərginləşməsinin ikinci mərhələsi Müsavat fəallarının seçkiyə təsir göstərmək üçün canfəşanlıq etdikləri dövrə təsadüf etdi. Halbuki digərləri seçki prosesinə ümumiyyətlə qarışmır, müdaxilə etmirdilər. Üçüncü mərhələdə mövqelər Lalə Şövkət, Rəsul Quliyev və başqaları Milli Şuradan çıxarkən toqquşdu. Nəhayət, dördüncü dəfə fikir ayrılığı Rüstəm İbrahimbəyovun quruma sədr seçildiyi mərhələdə yarandı. Və bütün bunlar cəm halında Müsavatın bu qurumda fəaliyyətinə nöqtə qoydu.
Bununla belə, Milli Şura da bir çox məsələlərə, ilk növbədə isə qarşıdakı bir neçə ildə işlərini hansı istiqamətdə quracağına aydınlıq gətirməlidir.
O ki qaldı, Müsavatın “Milli Şura seçkilər üçün yaranmışdı” bəyanatına, bu düzgün yanaşma deyil. Çünki Milli Şura lap əvvəldən ölkədə demokratik təsisatların yaradılması üçün təsis olunmuşdu və seçki onun fəaliyyətində sadəcə olaraq, bir keçid mərhələsi idi”.

Şərhlər