“İlk baxışda sadə görünən mürəkkəb Rusiya və Çin münasibətləri”
Rusiyanın Çinlə yaxınlaşmasının başlıca səbəbi, heç şübhə yoxdur ki, Ukrayna böhranı ilə bağlıdır. Lakin bu yaxınlaşma iki ölkə arasında real problemlərin mövcud olmaması anlamına gəlmir. (Buisness İnsider)
Karnegi Mərkəzinin “Rusiya Asiya–Sakit okean regionunda” proqramının elmi rəhbəri Aleksandr Qabuevin fikrinə görə, Moskva ilə Pekin yaxınlaşmasındakı əsəs problem, Orta Asiyadakı əməkdaşlığın genişləndirilməsi zamanı baş qaldıracaq. Moskvadakı Karnegi Mərkəzinin direktoru Dimitri Trenin isə məsələ ilə əlaqədar deyib: ”Rusiya–Çin münasibətlərinin möhkəmlənməsindən ən çox təsiri Əfqanıstan, Monqolustan və Orta Asiyanın beş postsovet respublikarı hiss edəcəklər. Çox güman ki, yekun nəticədə Avrasiyanın şimal, mərkəz və şərq hissələrini əhatə edəcək ticarət investisiya zonası yaranacaq. Layihənin hərəkət verici qüvvəsi Çin olacağından, Şanxaydan Sankt-Peterburqa qədər uzancaq bu regionu Böyük Asiya da adlandırmaq mümkündür.”
Biz artıq Çin trəfindən təklif olunan və Moskva tərəfindən isə qəbul edilən bir neçə təşəbbüslə tanışıq. Bunlar İpək Yolu iqtisadi zolağı, Şimal dəniz yolu və Moskva ilə Pekini birləşdirəcək yüksək sürətli dəmir yolu magistralıdır. Dimitri Trenin bildirir ki, Putinin Avropa Birliyi ilə Avrasiya ittifaqını birləşdirəcək Lissabondan Vladivastokadək olan “Böyük Avropa” konsepsiyasını Şanxaydan Sankt-Peterburqadək uzanacaq “Böyük Asiya” konsepsiyası tədricən sıxışdırır. Çin ilə Rusiyanın müştərək həyata keçirdikləri infrastruktur layihələrinə və geniş siyasi əməkdaşlığa baxmayaraq, onların Orta Asiyadakı münasibətləri heç də rəvan getmir. “Dünya mərkəzi və münaqişələrin həll olunması təşkilatı”nın professoru Anita İnder Sinqx bununla bağlı “Diplomat” jurnalında yazıb: ”İlk baxışda bir-birlərinə qarşı qarşılıqlı dostluq münasibətləri göstərən keçmiş nəhəng dövlət ilə potensial nəhəng dövlət arasında Avrasiyadakı hökmranlıq uğrunda ciddi rəqabət gedir. Hələki Rusiya strateji oxunu şərq istiqamətinə çevirərək, özünün Orta Asiyadakı təsir imkanlarını saxlamağa cəhd göstərir. Çin də həmçinin böyük Avrasiya dövləti olmaq niyyəti ilə həmin istiqamətdə hərəkət etmək fikrindədir”.
Bir fakt kimi onu demək olar ki, hazırkı gərginlik mənbəyi Çinin Sovet İttifaqına daxil olan Orta Asiya respublikalarının baş kreditoruna çevrilməsidir. Çünkü indiki vaxtda maliyyə çətinlikləri yaşayan Rusiya həmin respublikalara Pekin kimi geniş investisiyalar təklif etmək imkanından uzaqdır.
Qazaxıstanın enerji sektoruna Çinin investisiya qoyması Rusiyanı qıcıqlandırır, Türkmənistan isə Rusiyadan keçən qaz kəmərlərindən asılılığını minumuma endirmək yolunda yeni marşrutlar axtarır. Postsovet ölkələri Rusiyanın onlara qarşı Avrasiya İqtisadi İttifaqından şantaj kimi istifadə edəcəyindən və zəifləyən rubldan asılı vəziyyətə salacağından bərk qorxurlar. Biz artıq Rusiyanın vahid valyutaya keçmək təklifindən Qazaxıstanın imtina etməsinin şahidiyik.
Barnard kollecinin professoru Aleksandr Kuli Rusiya-Çin münasibətlərini belə şərh edib: ”Bəllidir ki, indiki məqamda Moskva Çinin iqtisadi fəaliyyətlərini müdafiə edir, Rusiya məmurları və analitikləri hər iki ölkəni qane edəcək öhdəliklərin bölünməsi barəsində yazırlar. Bu bölgüyə görə Çin iqtisadi investisiyalara, Rusiya isə öz siyasi təsiridən istifadə etməklə təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyacaq. Lakin siyasi və iqtisadi funksiyalar arasındakı bölgü həmişə lazımı qaydada işləmir. Beləki, Çinin “Şanxay Əməkdaşlıq Təşkilatı” çərçivəsində təklif etdiyi geniş miqyaslı praktiki təşəbbüslər, açıq şəkildə olmasa da Rusiya tərəfindən əngəllənib və ya gecikdirilib. Rusiya hətta çoxtərəfli alyans çərçivəsində də Çinin imkanlarının bundan sonrakı yüksəlişlərini istəmir. Kreml “Avrasiya İqtisadi İttifaqı” və yaxud da ki, ”Rusiya-Qazaxıstan Avrasiya Bankı” kimi öz regional iqtisadi strukturlarını irəliyə çəkməkdə maraqlıdır. Özəl söhbətlər zamanı çinli nümayəndələr, Rusiyanın bu cür gizli xüsusiyyətə malik davranışlarından Pekinin narazı qaldığını söyləyirlər. Amma bütün bunlara baxmayaraq, Çin özünün ikitərəfli alyans çərçivəsindəki iqtisadi fəaliyyətini davam etdirir.”
Hər şeyi nəzərə alaraq, Çin hələlik dünya ictimaiyyətinə Rusiya ilə bərabər səviyyədə dostluq münasibətlərinin qurulduğunu nümayiş etdirməyi vacib sayır. Çünkü bu cür fəaliyyət, gələcəkdə ona həm regionda, həm də bütün dünyada iqtisadi və siyasi məqsədlərinə nail olmaq yolunda böyük yardım göstərə bilər.
“Şanxay Əməkdaşlıq Təşkilatı” çərçivəsində Rusiya Çinlə birlikdə qeyri-rəsmi həmsədr rolunda çıxış edir. Pekin həmçinin hərbi alyansların və keçmiş Sovet İttifaqının ərazisində yaradılacaq hərbi bazalar məsələsində Moskva tərəfindən qoyulmuş qırmızı xəttin pozulmaması qaydasına da hörmətlə yanaşır. Bu isə NATO-nun və Avropa Birliyinin keçmiş Sovet İttifaqının əraziləri hesabına genişləndirilməsi məsələsindəki Qərb siyasətindən kəskin şəkildə fərqlənir.
Asiya-Sakit okean regonundakı nəhəng dövlət statusu uğrunda həlledici döyüşə hazırlaşan Çin üçün sözəbaxan Rusiya daha böyük resurslar təqdim edə biləcək əlverişli bir ölkədir. Digər tərəfdən isə Rusiya Çinin dünya hökmranlığı modeli üçün Pekinin reallaşdırmaq istədiyi sınaq meydançasına da çevrilə bilər.
Ümumiyyətlə isə istənilən halda söhbət Rusiya və Çin arasındakı siyasi əməkdaşlıqdan gedirsə, deməli hər şey ilk baxışda olduğu kimi, heç də sadə deyil.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər