2013-cü ilin martından həbs edilmiş NİDA Vətəndaş Hərəkatının 8 üzvünün məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün davam edib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, bu gün Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hakim təqsirləndirilən Rəşadət Axundova yenidən ifadə verməyi təklif edib. R.Axundov isə indi ifadə vermək istəmədiyini, onlara qarşı irəli sürülən ittihamların şər, böhtan oldunu bildirərək növbəti məhkəmə proseslərində ifadəsini yazılı şəkildə verəcəyini deyib.
Məhkəmə prosesinin davamında R.Axundovun ibtidai istintaqa verdiyi iki ifadə oxunub. Daha sonra isə məhkəmə prosesi sabah saat 10:30-a təxirə salınıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə bu ilin martında cinayət işi başlanıb və NİDA üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

Şərhlər