“Dinc, demokratik mübarizəmiz qələbəyədək davam edəcək”. Bunu məhkəmədə həbsdə olan NİDA-çı Rəşadət Axundov deyib. Dekabrın 8-də NİDA-çıların məhkəməsi davam etdirilib. Bu dəfə təqsirləndirilən şəxs Rəşadət Axundovun işinə baxılıb.
Məhkəməyə ilkin ifadə verməkdən imtina edən Rəşadət Axundov öz addımını belə əsaslandırıb: “İfadə verməkdən imtina etməyimin səbəbi var. Həm yoldaşlarımla həmrəylik nümayiş etdirirəm, həm də mən və bir neçə yoldaşım əlavə olaraq 220.1-ci maddə ilə - yəni kütləvi ixtişaşlar təşkil etmədə ittiham olunuruq. Bu ittihamın qondarma olması bir tərəfə, bunu sübut edəcək heç olmasa qondarma sənəd də yoxdur. Bu durumda mənim təqsirsiz olduğumu bildirməyimə də ehtiyac yoxdur. İstintaqa verdiyim ifadələrim elan olunsun, sonra bütün suallara cavab verməyə hazıram”.
Rəşadət Axundovun istintaqa verdiyi ifadələri elan olunub. O ifadələrində ona qarşı olan ittihamlardan özünü təqsirkar bilmədiyini deyib. Özünün həbsini siyasi sifariş adlandırıb və bunu hakimiyyətin NİDA vətəndaş hərəkatına qarşı represiyası adlandırıb.
İfadələrin ardından təqsirləndirilən şəxs dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb: “Həbs olunan heyyətlə ittiham aktında göstərilən məqsədlə (10 mart aksiyası ilə bağlı) “Venesiya” kafesində heç vaxt toplaşmamışıq, heç nəyi planlaşdırmamışıq. Kafe şəhərin mərkəzində yerləşir və hər tərəfdə müşahidə kameraları var. Həmin heyyətlə və həmin məqsədlə “Venesiya”da heç vaxt görüş olmayıb. Gətirin sübutlar, videogörüntülər qoyun qarşıma, mən də deyim ki, cinayətkaram”.
Rəşadət Axundov dövlət ittihamçısının NİDA və onun həmin təşkilatdakı rolu barədə suallarını cavablandırıb. O, bildirib ki, NİDA hər zaman dinc mübarizə yolunu seçib. Rəşadət Axundov çıxışını “dinc, demokratik mübarizəmiz qələbəyədək davam edəcək” sözləri ilə bitirib. Onun bu sözləri zalda alqışlarla qarşılanıb.
Məhkəmə yanvarın 9-da davam edəcək ("Azadlıq" radiosu).

Şərhlər