Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) 2015-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozlarını dəyişdirməyib. SalamNews xəbər verir ki, bu barədə OPEK-in neft bazarı üzrə açıqlanan aylıq hesabatında deyilir.
Planlaşdırıldığı kimi, cari ildə Azərbaycanda sutkalıq neft hasilatının həcmi 30 min barel azalaraq, 0.82 milyon barel təşkil edəcək.
Sənəddə deyilir ki, aprel ayında Azərbaycanda sutkalıq neft hasilatının həcmi 0.86 milyon barel olub. Ötən illə müqayisədə, bu, 20 min barel azdır.
“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı blokunda 2015-ci ilin birinci rübündə sutkalıq neft hasilatı 0.66 milyon barel təşkil edib. "bp" şirkəti mayda istehsal gücü sutkada 0.15 milyon barel olan “Qərbi Azəri” platformasında üçgünlük profilaktika elan edib.
Bu səbəblə OPEK iyunda sutkalıq hasilat səviyyəsinin təxminən 50 min barel düşəcəyini gözləyir.
Birliyin qiymətləndirməsinə əsasən, cari ilin birinci rübündə Azərbaycanda sutkalıq neft hasilatının həcmi 0.85 milyon barel olub.
Kartel ilin ikinci rübündə ölkədə sutkalıq neft hasilatı həcminin 0.87 milyon barel, üçüncü rübdə 0.86 milyon barel, dördüncü rübdə isə 0.79 milyon barel olacağını proqnozlaşdırır.
Azərbaycanda hasil edilən əsas neftin həcmi AÇG dəniz yataqları blokunun payına düşür. Bu sahədə "Azeri Light" markalı yüngül neft hasil edilir. Onun tərkibində 0.15% kükürd var.


Şərhlər