Menu

DİN GENERALINA QARŞI TƏXRİBAT? –VİDEO

12.09.2013, 14:11
DİN GENERALINA QARŞI TƏXRİBAT? –VİDEO

Eynulla Fətullayevin sahibi olduğu saytlar (haqqin.az, virtualaz.org) bu gün Türkiyə mətbuatına istinadən sensasiyalı bir xəbər yayıblar. Xəbərdə bildirilir ki, Türkiyə mətbuatı azərbaycanlı iş adamı Əli Həmidovun qətli ilə bağlı ilginc bir məqalə yayıb. Bu ölkənin KİV-ləri sözügedən cinayət işi ilə bağlı şok təfərrüatlar və faktlar əldə etdiyini deyir.

Azərbaycanlı biznesmen Ə.Həmidovun öldürülməsində kriminal avtoritet “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev-red.) adı çəkilir.

E.Fətullayevin saytları isə Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə polisindən bu hadisə ilə bağlı verilən məlumata görə, cinayət işi ilə əlaqədar geniş araşdırma işləri aparılır. Cinayət baş verən gün oteldə kimlərin olması videogörüntülərdə əks olunub.

“Haberturk.com saytı “Rövşən Lənkəranski”nin Türkiyəyə Azərbaycan pasportu ilə daxil olduğunun və adının Rövşən Əliyev kimi qeyd edildiyinin isbat olunduğunu bildirir. Hətta “Rövşən Lənkəranski”nin qaldığı oteldə bir azərbaycanlı generalla görüşdüyü, ondan sui-qəsdlə bağlı təlimatlar aldığı və bu faktların da aparılan araşdırmalar nəticəsində sübuta yetirildiyi deyilir.

Saytın Türkiyənin təhlükəsizlik orqanlarından əldə etdiyi məlumata görə, həmin general Azərbaycan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (xalq arasında “bandotdel” kimi tanınır-red.) rəisi, polis general-mayoru Mirqafar Seyidovdur. Türk mediasının əldə etdiyi videoda M.Seyidovun görüntülərinin də açıq şəkildə göründüyü iddia olunur. Xəbərdə deyilir ki, cinayət hadisəsi baş verdikdən bir saat sonra Mirqafar Seyidov, “Rövşən Lənkəranski” və adamları oteli tərk edib”, deyə virtualaz.org saytı bildirir.

Lakin musavat.com saytı iddia edir ki,  Türkiyənin nüfuzlu “haberturk.com” saytında belə bir xəbərin dərc olunduğu yalandır. Məlumat uydurmadır, ona əlavə olunan foto isə montajdır. Xəbərlə bağlı araşdırma aparan musavat.com bildirir ki, hələ dünən gecə Mirqafar Seyidovla bağlı bu sensasiyalı xəbər onlara ötürülüb.

Saytın bu barədə “Gecəyarısı qəfil xəbər” adlı yazısında bildirilir:“Həftənin əvvəlində Türkiyədə populyar olan “Haberturk” qəzetinin saytında Azərbaycanla bağlı olduqca maraqlı bir yazı dərc olunmuşdu. Məlumatda avqustun 17-də İstanbulda qumar borcu üstündə öldürülmüş “Qoca” ləqəbli kriminal avtoritetin qətlindən söhbət gedirdi. Bu xəbəri dilimizə uyğunlaşdırıb yaydıq.

Sayt polisdən aldığı məlumatlara əsasən iddia edirdi ki, “Qoca”nı, yəni iş adamı Əli Həmidovu keçmiş ortağı, azərbaycanlı mafiya babası Rövşən Canıyev öldürtdürüb. Yazıda bir sıra maraqlı detallar da vardı. Onlardan biri beləydi: “Caniyev Qafar adlı azərbaycanlı bələdçinin köməyi ilə Həmidovun izini İstanbulda tapıb. Edamı Qafar planlaşdırıb. İstanbula gələn və 5 ulduzlu bir oteldə qalan azərbaycanlı kəşfiyyatçı məlumatları Hacı G. ( 32) adlı tətikçiyə ötürüb”.

Ancaq görün, Azərbaycanda mənsəb və sərvət davası aparanlar xəbərdə adı çəkilən “bələdçi Qafar” ifadəsindən necə yararlanmaq istəyiblər. Hələlik bizə naməlum olan internet istifadəçisi dünən gecə saat 1-də “Habertürk” saytının redaktoru Murat Bardakçının adından qəzetimizin baş redaktoru Rauf Arifoğlunun ünvanına bir fotoşəkil və belə bir ismarış göndərib: “Sayın Rauf bey! Son günler Azerbaycan medyasında sürekli tartışılan bu konuyla ilgili yayınlanmış olan haberin ilginizi çekecegini sandım. Ekdeki fotoya dikkat edin”.

“Ekdeki foto” isə nədən ibarət olsa yaxşıdır? Bu, sayta yerləşdirilmiş bir şəkilli xəbərin fotosu olub, ancaq bir az böyütdükdə orada belə bir xəbərin yerləşdirildiyini görürük. Xəbərdə bildirilir ki, Əli Həmodovun öldürüldüyü gün qətlin törədildiyi oteldə Rövşən Canıyev (guya ki, o, Türkiyəyə Rövşən Əliyevin adına olan pasportla daxil olub) DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsi, general Mirqafar Seyidovla görüşüb və sui-qəsd təlimatını ondan alıb.

R.Arifoğlu xəbərin bu şəkildə ötürülməsindən şübhələnərək, növbətçi əməkdaşımızla birlikdə araşdırma aparıb, məlum olub ki, “Haberturk” qəzetinin saytında ümumiyyətlə belə bir informasiya yerləşdirilməyib, onun ünvanına göndərilən “xəbər daşıyan” fotoşəkil isə olduqca ustalıqla hazırlanmış fotomontaj əsəridir.”

Böyuk ehtimalla, belə ustalıqla hazırlanmış kompromat ya şəxsən Mirqafar Seyidovun, ya da ümumilikdə DİN əleyhdarlarının işi ola bilrdi.

Lakin maraqlıdır ki, "Qafaq" adı "Haberturk"ün bir videoxəbərində də keçir.

DİN-in bu məlumatlarla bağlı nə açıqlama verəcəyi maraq doğurur.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol