Menu

1 milyonluq müəssisə satışa çıxardıldı

16.06.2015, 13:32
1 milyonluq müəssisə satışa çıxardıldı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dəmir-beton məhsullarının istehsalı ilə məşğul olan “Ceyranbatan Dəmir Beton” SC-nin səhmlərinin 99,23%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

ƏMDK-nın elanına əsasən, hər birinin nominal dəyəri 2 manata bərabər olan 524,801 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramına fəaliyyət növündən asılı olaraq müasir avadanlığın alınması, mövcud tikililərin bərpası, müəssisənin infrastrukturunun təyinatının yaxşılaşdırılması və ərazinin abadlaşdırılması, yeni iş yerlərinin açılması, əməkdaşların sosial təminatı və bu məqsədlər üçün ayrılacaq investisiyanın həcmi və müddətinə dair təkliflər daxil olmalıdır.

Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 520 min manat köçürməlidir.

Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələri təsdiqləndiyi andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi investisiyanın elan olunmuş həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulan vəsaiti 90 gün ərzində dövlət büdcəsinə köçürməlidir.

Müsabiqə üzrə təkliflər 2015-ci il iyulun 13-nə qədər qəbul ediləcək. Təkliflər iyulun 15-də qiymətləndiriləcək.

“Ceyranbatan Dəmir Beton” SC Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşir. Hazırda müəssisədə 16 nəfər işləyir.

2015-ci il iyunun 1-nə müəssisənin nizamnamə kapitalı 1 mln. 57,77 min manata bərabərdir və bir qiymətli kağızın nominal dəyəri 2 manat olan 528,885 min ədəd səhmə bölünüb.

2015-ci il iyunun 1-nə SC-nin öhdəlikləri 75,257 min manata, debitor borcları 43,113 min manata bərabərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol