Vəkil Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirib ki, Pərvizin səhhətində problemlər var.

“O bildirdi ki, tez-tez otağında qanunsuz olaraq axtarışlar aparılır və əşyalar dağıdılır. Hər dəfə də tək özü yaşadığı üçün Pərviz Həşimli otağı səliqəyə qalmaq məcburiyyətindədir. Həmçinin onun əlyazmaları da əlindən alınır”.

Vəkil əlavə etdi ki, jurnalist ailəsinin yaşadığı evə maskalı şəxsin getməsi ilə bağlı mili təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib: “Müraciətdə bildirib ki, ailəsinin təhdidə məruz qalması ilə bağlı şübhələr MTN-in üzərində olduğu üçün, bu məslə araşdırılsın və  günahkarlar cəzalandırılsın”.

Elşin Sadıqov əlavə etdi ki, Pərviz Həşimlinin ailəsi ilə telefon vasitəsilə əlaqə saxlamasına yenə də şərait yaradılmır.

Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.