hafiz memmedov hafka azpolitika info

“Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun yeni problemi yaranıb. “Reytinq” qəzetinin yaydığı məlumata görə, Hafiz Məmmədovindi də Sahibkarlığa Kömək Milli Fondu ilə çəkişir.

Məlumatda deyilir ki, illər əvvəl Hafiz Məmmədov fonddan böyük məbləğdə kredit alıb. Bildirilir ki, artıq müflisləşən iş adamı həmin krediti ödəyə bilmir. Buna görə də tərəflər arasında gərginlik yaranıb. “Vəziyyət o qədər kritik xarakter alıb ki, artıq Sahibkarlığa Kömək Milli Fondu Hafiz Məmmədovun oğlanlarının nəzarətində olan "Bank of Azeribaijan” ASC-ni məhkəməyə vermək məcburiyyətində qalıb", - deyə qəzet yazır.

Məlumatda daha sonra bildirilir ki, Sahibkarlığa Kömək Milli Fondunun “Bank of Azeribaijan”a qarşı iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində baxılıb. Lakin məhkəmənin qərarı mübahisəyə son qoya bilməyib. Qərardan apellyasiya şikayəti verilib: “Şikayət bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə araşdırılıb. Hakim bankın hesablarına yönələn sanksiya və digər tələbləri rədd etsə də, borcun ödənilməsi barədə tələbləri qismən də olsa təmin edib. Bu qərarın tərəfləri nə dərəcədə qane etdiyi yaxın həftələrdə bilinəcək”.

Qeyd edək ki, Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçildiyi, onun ölkədən qaçdığı barədə məlumatlar var. Buna səbəb iş adamının Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmamasıdır. Banka bir neçə 100 milyon manat (!) borcu olan “Hafka”, aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilmişdi. Ancaq nəticə olmamışdı. İşə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin (“Bandotdel”) qarışması isə Hafiz Məmmədova həbs təhlükəsini yaratdığından, o ölkədən qaçıb.

Hafiz Məmmədov isə ölkədən çıxdığını təsdiqləsə də, qacmadığını iddia edib. Londonda olduğunu, yaxınlarda qayıdacağını deyib. Lakin onun qayıdıb-qayıtmadığı məlum deyil. Bəzi mənbələr "Hafka"nın ölkədə olduğunu, digərləri hələ də qayıtmadığını deyir. İstisna deyil ki, H.Məmmədov hüquq-mühafizə orqanları ilə problemini qaydaya salaraq ölkəyə qayıtsa da, qəsdən üzə çıxmır. 

Xatırladaq ki, Beynəlxalq Bankın vaxtı keçmiş kreditlərinə görə barəsində həbs-qətimkan tədbiri seçilmiş iş adamlarının əksəriyyəti qısa müddətdən sonra azadlığa buraxılıb.

Murad

AzPolitika.info