"İsmayıllı işi" üzrə mühakimə olunan Səxavət adlı məhbusun dünən gecə saxlanıldığı təcridxanada intihara cəhd etdiyi, özünü asmaq istədiyi barədə xəbər yayılıb. Bu barədə siyasi məhbus Tofiq Yaqublunun qızı Nigar Yaqublu öz facebook səhifəsində adını açıqlamadığı məlumatlı mənbəyə istinadən yazıb və əlavə edib ki, Səxavətin xəstəxanaya aparıldığı bildirilir.

Həmin qeydlərə münasibətini açıqlayan jurnalist Şəhriyar Əlizadə isə qeyd edib ki, xəbər səhih deyil, çünki o bu barədə dəqiq məlumata malikdir.

Müsavat.com-un məlumatına görə, gerçəkdən də Səxavət Səmədov yanvarın 9-u gecə Şəkidəki istintaq təcridxanasında özünü asmağa cəhd edib və onu təcridxana əməkdaşları xilas ediblər. Bu barədə Şəkidən musavat.com-a verilən məlumatda deyilir ki, ona yardım göstərilib və huşunu itirmiş S.Səmədov özünə gəlib. Onun intihara cəhd etməsinə səbəb ötən prosesdə zərərçəkən qismində çıxış edən Rauf Kərimovun onun əleyhinə yalan ifadə verməsi olub.

Xatırladıq ki, informasiyanın ilk qaynağı N.Yaqublunun atası T.Yaqublu da "İsmayıllı işi" üzrə mühakimə olunur.