Azərbaycan xam neftin satışından 2015-ci ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4,2 milyard dollar az qazanıb. Səbəb dünya bazarında neftin qiymətinin ucuzlaşmasıdır. “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin ilk 5 ayı ərzində xam neft ixracının məbləği 4,03 milyard dollar təşkil edib. Halbu ki, ötən ilin eyni dövründə xam neft ixracı 8,21 milyard dollar olmuşdu. Yəni, xam neft ixracından əldə edilən gəlir 51% azalıb.
Müqayisə olunan dövrdə neft məhsullarının ixracı 415 milyon dollardan 378,56 milyon dollara, təbii qaz ixracı 189,3 milyon dollardan 127,3 milyon dollara düşüb.
Azərbaycan ilk 5 ayda sayğac göstəriciləri əsasında 13,9 milyon ton, gömrük bəyannamələri əsasında 9,8 milyon ton neft ixrac edib. 4,03 milyard dolları gömrük bəyannamələri əsasında ixrac olunmuş neftin dəyəridir.
Azərbaycan 2014-cü ilin ilk 5 ayı ərzində sayğac göstəriciləri əsasında 14,3 milyon ton, gömrük bəyannamələri əsasında 10,03 milyon ton xam neft ixrac etmişdi.


Şərhlər