Avropa Oyunlarının boks yarışlarında daha bir azərbaycanlı boksçu yarımfinala vəsiqə qazanıb. SalamNews xəbər verir ki, Kristal Zalda keçirilən boks yarışlarında Azərbaycanı yüngül (60 kq) çəkidə təmsil edən kişi boksçumuz Albert Səlimov 1/4 finalda Bolqarıstan idmançısı Elian Dimitrov ilə üz-üzə gəlib.
İlk raundda daha üstün boks nümayiş etdirən təmsilçimiz ikinci raundda rəqibini döyməkdə davam edib. Sonuncu üçüncü raundda da cəldliyi və dəqiq zərbələri hesabına üstünlük qazanan A.Səlimov bolqar idmançıya qalib gələrək adını yarışların yarımfinalına yazdırıb.
Xatırladaq ki, bu gün çıxış edən təmsilçilərimizdən rinqə ilk çıxan qadın boksçu Anna Əlimərdanova yarımyüngül (51-54 kq) çəki dərəcəsində 1/4 finalda Bolqarıstan idmançısı Stanimira Petrovanı məğlub edərək yarışların yarımfinalına vəsiqə əldə edib.
Bildirək ki, bu gün daha 4 boksçumuz da rinqə çıxacaq. Saat 19:15-də yarımorta (60-64 kq) çəkidəki təmsilçimiz Yana Vıstropova 1/4 finalda Böyük Britaniyadan olan boksçu Rian Sandi ilə qarşılaşacaq.


Şərhlər