Tunisin Sus şəhərinin yaxınlığında yerləşən Port Əl-Kantaui qəsəbəsində baş vermiş terror hücumu nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.AzVision.az xəbər verir ki, ölənlərin əksəriyyəti Böyük Britaniya, Almaniya və Belçikadan olan vətəndaşlardır. 36 turist isə yaralanıb.
Bundan əlavə islamçılar eyni gündə Küveyt və Parisdə də terror aktları törədiblər. Küveytdə cümə namazı zamanı kamikadzenin özünü partlatması 13 nəfərin ölümünə səbəb olub.
Parisdə isə iki naməlum şəxs qaz fabrikində partlayış törətmək istəyib. Onlar qaçdıqdan sonra bir nəfərin başı kəsilmiş meyiti tapılıb. Qaçan terrorçulardan biri artıq həbs edilib. Həbs edilən şəxs daha öncə radikal islamçılarala bağlı aparılan istintaqa ifadə verib.
Tunis polisi Sus şəhərində çimərlikdə turistləri güllələyən terrorçunun kimliyini müəyyən edib.
Kütləvi qətli 23 yaşlı Seyfuddin Ər-Rezki törədib. Ali təhsili olan Seyfuddin Ər-Rezki bir neçə tələbə yoldaşı ilə Kayruan şəhərində radikal dini dərnəklərə baş çəkirmiş. Məlum olub ki, terrorçu təkbaşına fəaliyyət göstərib. Atışma nəticəsində o, zərərsizləşdirilib. Bundan başqa iki nəfər tutulub.
Qeyd edək ki, iyunun 26-da Sus şəhərinin yaxınlığında yerləşən Port Əl-Kantaui qəsəbəsində baş vermiş terror hücumu nəticəsində Böyük Britaniya, Almaniya və Belçikadan olan 37 nəfər qətlə yetirilib. 36 turist isə yaralanıb.


Şərhlər