"Bu partiyaya mandat söz verilməsi ilə bağlı yayılan söz-söhbətlər barəsində bir söz deyə bilmərəm"

“Müsavat Partiyasının hansı səbəbdən ayrılması, 2015-ci il Milli Məclis seçkilərində bu partiyaya mandat söz verilməsi ilə bağlı yayılan söz-söhbətlər barəsində bir söz deyə bilmərəm. Prosesləri izləməmişəm, xəbərim yoxdur”. Bunu Müsavat-AXCP qarşılıqlı ittihamlarına münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu “Axar.az”a açıqlamasında dedi.

Onun sözlərinə görə, Müsavatın Milli Şuradan çıxmağının səbəbi ona bəlli deyil: “Müsavatın Milli Şuradan çıxmasında problem görmürəm. Sadəcə, biraz umu-küsü var; biraz da hansısa razılaşdırılan, razılaşdırılmayan və ya razılaşdırılıb, sonradan pozulan məsələlər var ki, bunu da iki partiya rəhbəri öz aralarında həll edəcəklər. Burada bizim müdaxiləmizə qəti ehtiyac yoxdur”.

Vaxtilə Əbülfəz Elçibəyin dilindən səslənən və hazırda gündəmə gətirilən “Mirmahmud Fəttayev Azərbaycanda ən nüfuzlu adamlardan biridir. Elə bir münaqişə baş verə bilər ki, onu yalnız Mirmahmud ağa həll edə bilər” məntiqi ilə M.Mirəlioğlu Müsavatla AXCP arasındakı münaqişəyə müdaxilə etmək istəyərmi? - sualına partiya sədri belə cavab verib: Əbülfəz bəyin bu və digər dediklərinə nə sağlığında, nə də ondan sonra şərh verməmişəm. O şərhi verməkdə də özümdə güc görmürəm. Mənəvi haqqım çatmır ki, bu və ya digər şəkildə Əbülfəz bəyin dediyinə şərh verim. O ki qaldı, hazırkı vəziyyətdə dediyiniz missiyaya, bu, Əbülfəz bəyin dediyi məsələ deyil. Bəyin dediyi iki partiya, iki nəfər, iki qurum arasında olan məsələyə aid deyil. Əbülfəz bəyin dediyi söhbət başqadır. Əbülfəz bəy də nə dediyini bilirdi. Mən də öz missiyamı, öz vəzifəmi bilirəm".