Menu

"Adama deyərlər ki, yoldaş, səni kim apardı?"- Mirmahmud Mirəlioğlu

14.01.2014, 12:09
"Adama deyərlər ki, yoldaş, səni kim apardı?"- Mirmahmud Mirəlioğlu

Cəmil Həsənli:"Hər halda, gedilirdisə də, Milli Şuranın sessiyasını çağırmaq lazım idi. Sivil gediş formasını tapmaq lazımdır"

“Hesab edirəm ki, indiyə qədər atılan addımların, istər istefalar, istərsə də Milli Şurada təmsil olunan adamların qurumdan çıxması barədə qərarları, təklifləri yalnız sessiyada verilməli idi. İstefa verənsənsə, gəl elə sessiyada istefa ver də, elə orda da sözünü de. Gəl, bir sağollaş. Nə oldu, seçəndə səni alqışlayırlar, gedəndə niyə istəmirlər ki, bu olsun? Çıxıb gedəndə birdən deyirlər ki, mən getdim. Adama deyərlər ki, yoldaş, səni kim apardı? Mən də istəmirəm ki, bütün bu məsələlər Milli Şurada da belə olsun”.

Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu deyib.

M.Mirəlioğlu KXCP-nin Milli Şuradan çıxacağını istisna etməsə də, bu barədə yekun qərarı sessiyada açıqlayacağını bildirib. Onun sözlərinə görə, hazırda Milli Şurada bir sıra dəyişikliklər vacibdir: “Ümumiyyətlə, hamının bir arada olması nə qədər mümkündürsə, ona çalışmaq lazımdır. Bu gün Milli Şura formatında olmaq istəməyənlər, hətta bu formatı dəyişdirmək, genişləndirmək istəyənlərin özləri belə alternativ addımlar atır, ikitərəfli danışıqlar aparırlar. Bu o deməkdir ki, hamı ən azından uyğun gələnlərin bir yerdə olmasını çalışır. Ona görə də Milli Şurada olan insanların bir arada olması lazımdır. Amma adı, strukturu, idarəetmə mexanizmi dəyişdirilməlidir. Bu məsələləri birbaşa sessiya həll etməlidir”.

Qeyd edək ki, Cəmil Həsənli də "Yeni Müsavat"a müsahibəsində Müsavat partiyasını ortada görünən heç bir səbəb olmadn Milli Şuranı tərk etməsininin şivil gediş olmadığını bildirib: "Müsavat bu qərarı verəndə mən 1 ay idi ki, sədr seçilmişdim. Yəni sədr seçilmədiyim müddətdə məsələlərə müdaxilə etməyə heç bir hüquqi səlahiyyətim yox idi. Bir ay isə bu məsələləri qaydaya qoymaq üçün çox az vaxt idi. Burada Sədr Aparatının formalaşması məsələsi də vardı. Özü də söhbət təkcə Sədr Aparatının formalaşdırılmasından getmirdi. Ortada İcra Aparatının fəaliyyətinin başa çatması və dəyişdirilmiş əsasnaməyə uyğun olaraq yeni Sədr Aparatının formalaşdırılması məsələsi var idi. Ora daxil olan siyasi qurumlar var və bu siyasi qurumlarla bütün bu məsələləri razılaşdırmaq lazım idi. Yeri gəlmişkən, kiçik istisna ilə Sədr Aparatı da İsa bəylə razılaşdırılmışdı. Düzdür, bəzi müsavatçı dostlarımız eyham vururlar ki, bu, bizdən xəbərsiz olub. Ancaq bilmirəm, mən Divan üzvlərinin hər biri ilə bunu ayrı-ayrılıqda razılaşdırmalıydım, ya İsa bəylə? Hər halda, İsa bəylə razılaşdırmışam. Yaxud sizin Rəyasət Heyəti kimi yazdığınız Koordinasiya Şurasının tərkibi partiya sədrləri ilə, ictimai hərəkat rəhbərləri ilə razılaşdırılıb, o cümlədən də İsa bəylə. O cümlədən yox... Birinci növbədə İsa bəylə razılaşdırılıb, o cümlədən də o birilərlə. Dörd bənd ki, irəli sürülür, yəni İbrahimbəyov getsin, Cəmil Həsənli gəlsin, hədəflər bəlli olsun və s. Bunun hansı yerinə yetirilməyib? Mərhələ-mərhələ bunlar hamısı oldu da. Ona görə də mən elə bilirəm ki, bugünkü narazılığın bir səbəbi də - hərçənd ki, mən bunun üstündə mübahisə etməzdim - proseslərin həll olunduğu bir vaxtda Müsavatın gediş qərarı verməsi ilə bağlı idi.

Müsavatçılar hamısı mənim dostlarımdır. Hər halda, gedilirdisə də, Milli Şuranın sessiyasını çağırmaq lazım idi. Sivil gediş formasını tapmaq lazımdır. Görünür, bu da müəyyən bir qıcıqlandırıcı amil oldu.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol