İsmayıllı məhbusu Səxavət Səmədovun məhkəmədə halı pisləşib. Bu barədə Azadlıq Radiosunun Şəkidəki müxbiri xəbər verir. Yanvarın 14-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə saxlananların məhkəməsi davam edib. Proses zamanı məhbus Səxavət Səmədovun halı pisləşib. Məhkəməyə təcili tibbi yardım çağırılıb. Müxbir bildirir ki, Səxavət Səmədov 5 gündür aclıq aksiyası edir.

Yanvarın 9-da o, Şəkidəki istintaq təcridxanasında özünü asmağa cəhd edib. Səxavət Səmədov əleyhinə verilən yalan ifadəyə dözə bilmədiyindən intihara cəhd etdiyini bildirib.

Vəkil Fuad Ağayev Səxavət Səmədovun intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. O, "Azadlıq" radiosuna bildirib ki, yanvarın 13-də Şəkidə keçirilən məhkəmə prosesində Səxavət Səmədov intihara cəhd etdiyini söyləyib: «Dedi ki, əleyhinə verilən yalan ifadəyə dözə bilmədiyindən intihara cəhd göstərib. Amma kamera yoldaşı onu son anda xilas edə

bilib. Səxavət çarpayı ağı ilə özünü asmaq istəyib. Boğazında olan iz onun dediklərini təsdiqləyirdi. Səxavət Məmmədov ötən məhkəmə prosesində intihar edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi».

Bir neçə gün öncə Səxavət Səmədovun yanvarın 9-u gecə Şəkidəki istintaq təcridxanasında özünü asmağa cəhd etdiyi barədə məlumat yayılmışdı. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbəri Mehman Sadıqov bu xəbəri təkzib etmişdi.

Xatırladaq ki, 2013-cü il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısının və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırmışdı.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbiylə etiraz aksiyasına başlamış və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilmişdi.

İndiyədək 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının liderlərindən İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaqda, vətəndaşları kütləvi iğtişaşlara çağırmaqda və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham edilirlər.