Yanvarın 14-də bəzi saytlarda Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusun İstanbulda gözündən ağır əməliyyat keçirdiyi haqda xəbər yayıb. Xəbərin mənbəyi özünü SDİ-nin layihə meneceri kimi təqdim etmiş Aynur Şəfiyevanın yaydığı məktubdur.
Bəzi saytlar isə eyni məlumatda digər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya istinad ediblər.
Məlumatı dəqiqləşdirmək üçün M.Qəhrəmanlı ilə əlaqə saxladıq. O, yayılan məlumatların yalan olduğunu bildirdi. Heç bir mətbuat orqanına belə bir məlumat vermədiyini deyən Qəhrəmanlı əlavə etdi ki, SDİ-də A.Şəfiyeva adlı əməkdaş tanımır: “Leyla xanımın Aynur Şəfiyeva adında nə yaxını, nə qohumu, nə də işçisi var. O, kimdirsə, belə məlumat yaymaqla psixi durumunu şübhə altına salır. Leyla xanım sağ-salamatdır, təşkilatının əməkdaşları ilə mütəmadi əlaqə saxlayır, hər hansı əməliyyat keçirməyib və yaxın günlərdə Bakıya dönəcək”.
M.Qəhrəmanlı xatırladıb ki, L.Yunusla bağlı bu tip yalan məlumatın yayılması ilk dəfə deyil.

Şərhlər