Yanvarın 16-da Milli Şuranın sessiyası keçiriləcək. Bu, Müsavat Partiyasının üzvləri və bir sıra digər şəxslər şuranı tərk edəndən sonra keçiriləcək ilk sessiyadır.
Yanvarın 15-də Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Media forum” saytına deyib ki, AXCP bu şuranı saxlamağın tərəfdarıdır.
Fuad Qəhrəmanlı bildirib ki, AXCP-nin Milli Şura ilə bağlı əvvəldən hazırlanmış yazılı təklifləri yoxdur: “Şura sədri Cəmil Həsənlinin qurumun idarə edilməsi ilə bağlı təklifləri var. Biz də həmin təkliflərə münasibət bildirəcəyik. Mövqeyimizi sessiyada açıqlamağı daha əlverişli sayırıq. Əvvəlcədən nəsə deməyi düzgün saymırıq”.
AXCP sədrinin müavinin fikrincə, Milli Şura demokratik qüvvələrin ən uğurlu birlik modelidir: “Təcrübə göstərir ki, demokratik qüvvələr birlikdə mübarizə aparanda hakimiyyətə daha güclü zərbə vura bilirlər. Milli Şuranın fəaliyyəti nəticəsində Azərbaycandakı sonuncu seçki saxtakarlığı beynəlxalq səviyyədə ifşa olundu, seçkinin rəsmi nəticələri tanınmadı. Bu da həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin müxalifətin birgə mübarizəsini müsbət qarşıladığını göstərir”.
Fuad Qəhrəmanlı hesab edir ki, Müsavat Partiyasının Milli Şuradan çıxması şuranın gücünü azaltmayıb. O həmçinin qeyd edib ki, AXCP EL hərəkatının Milli Şuradan gedəcəyini gözləmir: “EL hərəkatının təmsilçiləri şuraya fərdi əsaslarla üzv olublar. Onlar fərdi qərar verəcəklər”.

Şərhlər