Rəşad Abbasov sabiq nazir müavininin əmlaklarını başqalarının adına rəsmiləşdirməkdə yardımçı olmasının güdazına gedib
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Abbasov ASAN Xidmət sədrinin birinci müavini vəzifəsindən azad edilib. Sədr müavininin işdən çıxarılması haqda sərəncam iyunun 9-da imzalansa da, bu haqda ictimaiyyət iyulun 1-də məlumatlandırılıb.
Lakin yayılan məlumatlarda 2012-ci il sentyabrın 7-də bu vəzifəyə təyin olunmuş R.Abbasovun işdən çıxarılmasının səbəbi göstərilməyib. Ümumiyyətlə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən bu qurumdan - ASAN Xidmətdən kiminsə prezidentin sərəncamı ilə vəzifəsindən azad olunması ilk dəfə baş verib deyə bunun səbəbi də həddən artıq maraq doğurur. Redaksiyamıza rəis müavininin işdən çıxarılmasının ilginc səbəbi haqda məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, R.Abbasovun tutduğu vəzifədən azad edilməsi Şəmkirin keçmiş icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovla əlaqəlidir. R.Abbasovun A.Aslanova sənədləşmə məsələlərində qeyri-rəsmi yardım etməsi onun tutduğu postla vidalaşmasına gətirib çıxarıb. Qaynağımız R.Abbasovla A.Aslanovun qohumluq əlaqələrinin olduğunu da deyib. Onun sözlərinə görə, R.Abbasov “Azərneftyağ” İstehsalat Birliyinin baş direktoru olmuş mərhum Ramiz Mirzəyevin kürəkənidir.
A.Aslanovun bacısı isə Ramiz Mirzəyevin həyat yoldaşıdır. Onlar yeznə-qayın olsalar da, münasibətləri gərgin olub. R.Mirzəyev dünyasını dəyişənə qədər onların gediş-gəlişləri belə olmayıb. R.Mirzəyev dünyasını dəyişəndən sonra A.Aslanovla onun ailəsi arasında yenidən münasibətlər yaranıb. Hətta 2012-ci ildə R.Abbasovun namizədliyinin irəli sürülməsində A.Aslanovun rolunun olması haqda da məlumat var.
R.Abbasovun A.Aslanova hansı sənədləri düzəltməkdə yardımçı olması haqda məlumat yoxdur. Amma belə ehtimallar var ki, R.Abbasov A.Aslanova 2013-cü ildə tutduğu vəzifədən çıxarılandan sonra özünün və ailə üzvlərinin adına olan əmlakları digər şəxslərin adına rəsmiləşdirməkdə yardım göstərib.
Belə bir fakt barəsində “Yeni Müsavat”ın 20 mart 2015-ci il tarixli sayında dərc olunan “Aslan Aslanovun oğlunun adı yeni qalmaqalda” sərlövhəli yazıda yer almışdı.
Yazıda A.Aslanov tutduğu postdan uzaqlaşdırıldıqdan sonra əmlaklarını vaxtilə R.Mirzəyevin sürücüsü olmuş Valeh Ramazan oğlu Allahverdiyevin adına rəsmiləşdirməsi qeyd olunurdu. Böyük ehtimalla bu məsələlərdə R.Abbasov A.Aslanova yaxından kömək edib. Yada salaq ki, sürücü Valeh Ramazan oğlu Allahverdiyevin adı ilk dəfə mətbuatın gündəminə A.Aslanovun Ədliyyə Nazirliyində çalışan oğlu Turqay Aslanovun “avtoş”luğa görə saxlanılmasından sonra gəlmişdi. 2015-ci il fevralın 20-də gecə 1 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar. Az 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərin qaydasında olmadığı müəyyənləşmişdi.


Şərhlər