"O, həbsxanlara nəzarət idarəsinin rəisi Mədət Quliyevin kuratorluğunda bu gün də fəaliyyətini davam etdirir"
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünə qarşı “Yeni Müsavat” qəzetində Elbəyi Həsənlinin imzası ilə yazılan ittihamlara facebook səhifəsində cavab verib. Həmin cavabı qısa ixtisar və cüzi redaktələrə təqdim edirik.
İsa Qəmbərin üstümə göndərdiyi "Yalıncıq"
"Yeni Müsavatın" mənim haqqımdakı kompromatları
Açıq aydın isterika içindədirlər. Təntimək buna deyirlər. Sorulan sullara cavab vermək əvəzinə qarşı tərəfin şəxsiyyətini hədəf almaq, təhqir etməklə ortalıqda söyüş, təhqir toz-tufanı qoparıb insanları bezdirməyə, əsil həqiqətin harada olduğunu gizlətməyə çalışırlar. Ancaq təbliğat texnologiyasına az çox bələd olanlar bilir ki, cavab əvəzinə təhqir səsləndirmək ictimai rəydə uduzdurur, zəfliyi, haqsızlığı göstərir.
İsa Qəmbərə “niyə susursan?”deyə bir sual verdik, iqtidarın Milli Şuranı parçalamaq ssenarisində bu gün Müsavatın baş rolda çıxış etməsinin siyasi və mənəvi məsuliyyətini başqan kimi onun daşıdığını dedik, cavab əvəzinə təhqir eşitdik. İlham Əliyevin Siyavuş Novruzovun, Mübariz Qurbanlının müxalifətə yönəlik təhqirləri arxasında gizlənib cəmiyyətin suallarına cavab vermədiyini görmüşdük. İndi də İsa bəy İsveçrədə yaşayan, SOCAR-ın oradakı patronlarından sayılan İlqar adlı birisinin kurasiyasında olan Elbəyi Həsənli adlı keçmiş "nadzoru" salıb üstümüzə, bizi təhqir etdirir. Neçə ildir ki, ölkədən fərar edib Avropada yaşayan, oradakı müxalif mühacir azərbaycanlıların tədbirlərinə heç vaxt qatılmayan bu keçmiş həbsxana nəzərətçisi bizi nədə ittiham edir? 2011-ci ilin aprel hadisələri zamanı həbs olunmamaqda...
Guya ki, kompromat tapıblar. O zaman mənim məhkəmə çıxışımı dinləyənlərdən biri də Müsavat başqanı İsa bəy idi və onu “möhtəşəm” adlandıraraq buna görə əlimi də sıxmışdı. Hətta Müsavat Divanında bu barədə öz müsbət rəyini də dediyini sonradan eşitdim. O çıxış indi də Youtube-də durur və istəyənlər dinləyə bilər. Orda dəfələrlə İlham Əliyevin adını çəkib, onu ittiham etmişdim, dostlarıma həbs cəzası veriləcəksə, mənə də verilməsini istəmışdim, hakimi siyasi sifariş yerinə yetirən “buyruq qulu” adlandırmışdım. Ancaq götürün baxın Müsavatın ikinci şəxsi Arif bəyin çıxışına və ifadələrinə. 2 aprel aksiyasının əleyhinə olduğunu, həmin yığıncaqda iştirak etmədiyini deməsi azmış kimi, bir dəfə də olsun İlham Əliyevin adını çəkməyib (Düzdür o, sonradan guya, bu aksiyaların təşkilatçısı olduğunu dediyini iddia edir, ancaq ən azı ortada şahidlər var).
Bu hadisədən bir müddət sonra Müsavatdakı tədbirlərdən birində görüşdüyümüz Rauf Arifoğlu “hakimiyyət ən çox pisliyi həbs etməməklə sənə etdi” demişdi. Mənim həbs olunmamam Rauf bəyin də dediyi kimi, mənə lütf deyildi, məhz sonradan "nadzorların", nakəslərin mənə qarşı kampaniya aparması üçün əsas vermək, ”arqument” yaratmaq məqsədi güdən hərəkət idi. Mən nə etməliydim, gedib həbsxananın qapısını sındırıb zorlamı içəri girməli idim?
Mən 23 yaşında olanda il yarım həbsdə yatmışdım və məni yaxşı tanıdıqları, həbslə sındıra bilməyəcəklərini bildikləri üçün bu yolla üzərimə kölgə salmağa çalışırdılar. Ancaq alınmadı. Çünki mənim fəaliyyətim həbsxanadan mübarizlik mesajları vermək əvəzinə, ”Darıxıram” şeri yazıb özünü nisgilli göstərənlərin, çıxdıqdan sonra müxalif düşərgəni iqtidarın istəklərinə uyğun şəkildə intiriqa ocağına çevirənlərin işindən,əməlindən həmişə fərqlənib. Bu arada kompromat həvəskarı olan keçmiş "nadzora" xatırladım ki, Müsavat rəhbərlərindən mühüm sima olan kəsin həbsxana həyatı heç də “səmərəsiz” keçməyib. O, həbsxanlara nəzarət idarəsinin rəisi Mədət Quliyevin kuratorluğunda bu gün də fəaliyyətini davam etdirir və Milli Şuradan ayrılmaq təşəbbüsünün əsas ilhamvericilərindəndir.
İstər o proseslər, istərsə də ondan sonrakı dövrlərdə bu iqtidara qarşı həmişə ən sərt və cəsarətli çıxışları edənlərdən biri olaraq yoluma davam etmişəm. Hətta üzərimdə şərti hökm ola-ola o vaxtlar Fəvvarələr Meydanındakı icazəsiz aksiyaların təşkilatçısı kimi polis kardonunu yaran cərgəyə rəhbərlik etmişəm. Fotolarda sübutunu tapa bilərsiniz.
Əleyhimə tapdıqları ikinci “kompromat” Əhəd Abıyevlə qohumluq əlaqəsidir. Əvvəla, dedikləri kimi, mən Əhəd Abıyevin kürəkəni deyiləm, rəhmətə getmiş qayınatam Əhədin qardaşıdır. Nəinki mən, hətta həyat yoldaşım da 25 ilə yaxındır Əhəd Abıyevlə salamlaşmayıb bir tərəfə, heç üz-üzə də gəlməyib. Biz siyasətdə olduğu kimi, həyatda da əks düşərgənin adamlarıyıq. 2010-cu ilin parlament seçkiləri zamanı İTV efirində Hafiz Hacıyevlə birlikdə ona dediyim sözə görə Əhəd Abıyev hüquq-mühafizə orqanlarına barəmdə cinayət işi qaldırmaq barədə müraciət etmişdi. Xatırlayanlar blir ki, mənim o zamankı sərt çıxışıma görə böyük hay-küy yaranmışdı, hətta orada olan YAP-çı deputatın tərbiyyəsiz reaksiyasına görə mən studiyadan çıxarılmışdım. Lakin o vaxt Müsavat başqanının ətrafından bir nəfər belə cəsarət sahibi tapılmadı ki, efirdə onun ünvanına deyilənlərə öz dillərində cavab verə bilsin. Ona görə də İsveçdə oturub bu gün mənə qarşı böhtan atmaqla Müsavat başqanını qoruduğunu sanmaq heç də mərdlik nümunəsi deyil. Yeri gəlmişkən, Əhəd Abıyevin son dəfə şəkillərini “Yeni Müsavat”da, onu reklam edən müsahibəsi gedəndə görmüşəm. Bunu bilmənizi istəyrəm ki, mən qohumluq münasibətləri və şəxsi maraqlarımı güdənlərdən olsaydım, bu gün Milli Şuranı dağıtmaq üçün rəhbərləriniz təlimatı başqalarından deyil, elə məndən almış olardılar. Bunun nə demək olduğunu yəqin anlarsınız.
Keçmiş həbsxana nəzarətçisinin dili ilə səsləndirilən növbəti kompromat mənim idarə etdiyim avtomobillə bağlıdır. Mənim maşınım Hyundai İX35-dir. Onun da qiyməti deyildiyi kimi, 47 deyil, 20 min manatdır. Üç illiyə kreditlə götürülüb və qardaşımın Mərdəkandakı torpağının satışından ilkin məbləğ ödənib. Sonrasını da o zaman Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan qardaşım ödəyib.
Adama verəndə “Hyundai” vermirlər, cənablar. Bunu siz öz sahib olduqlarınızdan yaxşı bilərsiniz.
Birdə bu "nadzoru" üstümüzə göndərənlər onun Naxçıvanda saxlanılarkən polis serjantı qarşısında əsməcəyə düşüb "mən müsavatçı deyiləm" dediyini 2000-ci ilin oktyabr ayında "Yeni Müsavat"a verdiyi açıqlamasından tapıb oxusunlar və üstümüzə heç olmasa "Yalıncıq" göndərməsinlər.

Şərhlər