Daha onu niyə mühakimə edirsiniz?!
Mirzə AĞ
Dünən KİV-in yaydığı xəbərlərə görə, DİN Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşı – biri rəis, digəri müfəttiş - işdən azad olunub. Səbəb isə odur ki, onlar iki avtomobili qeyri-qanuni saxlayıb, vətəndaşlarla qeyri-etik, yəni qaba rəftar ediblər və daha nə isə yapıblar və s. Saxlanılan avtomobillərin biri Azərbaycan Respublikasının əmlak maf... pardon, pardon, əmlak komitəsinin sədri hörmətli Kərəm Həsənova, digəri isə Müdafiə Nazirliyi Baş Qərargah rəisi, general Nəcməddin Sadıkovun məmur oğluna məxsus olub. Yəni ki, saxlanılan avtomobillərdə elə-belə, xırda-mırda adamlar otumayıbmış. Məhz bu səbəbdən dolayı, DİN bu olaylara görünməmiş operativ reaksiya verib və hər iki «yol polisi»ni İŞDƏN QOVUB!
Hadisənin biri Şamaxıda, digər Bakıda baş verib. Şamaxıdakı olayda rayonun Yol polisi bölməsinin əməkdaşları Kərəm Həsənovu tanımayaraq, maşınını saxlayıb, onunla kobud danışıblar. Buna görə də Şamaxı rayon Yol polisi şöbəsinin rəisi Mübariz Fətəliyev dərhal vəzifəsindən «qovulub».
Qovulmanın səbəbinə aydınlıq gətirən DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov deyib ki, YPB-nin rəisi Mübariz Fətəliyev tabeliyindəki əməkdaşlar üzərində nəzarəti zəiflətdiyinə, əsassız olaraq nəqliyyat vasitələrinin saxlanılması barədə göstəriş verdiyinə, bununla da onların və sərnişinlərin haqlı narazılığına səbəb olduğuna, vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarının təmin olunmasına laqeydlik göstərdiyinə, xidməti vəzifələrinin icrasına səhlənkar yanaşdığına və bu barədə dəfələrlə edilmiş xəbərdarlıqdan nəticə çıxarmadığına, habelə, DİO əməkdaşlarının Etik Davranış Kodeksinin, İntizam Nizamnaməsinin və müvafiq Təlimatın ayrı-ayrı maddələrini pozduğuna görə, daxili işlər naziri cənab Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək, sərəncama göndərilib. Lap, kinolarda olduğu kimi...
İkinci hadisədə generalın məmur oğlunu saxlayan yol polisi əməkdaşı isə sən demə, artıq qocalıbmış və üstəlik, onun barəsində DİN-ə əvvəllər də şikayətlər daxil olubmuş. Məhz bu səbəblərdən dolayı, onu da «təqaüdə göndərmək» adı ilə birtəhər aradan çıxardıblar. Bu barədə DYP şöbə rəisi, polkovnik Vaqif Əsədov deyib: «Onun işdən azad olunması son aylar həmin əməkdaşla əlaqədar daxil olmuş materiallarla bağlıdır. Həmin materiallar və inspektorun yaş həddi nəzərə alınaraq, onun təqaüdə göndərilməsi barədə qərar verilib».
Bütün bunlardan iki əsas və ibrətamiz nəticə çıxarmaq olar. Birinci nəticə odur ki, polislərin saxladığı və «kobud rəftar etdiyi» avtomobillərin sahibləri və ya sərnişinləri məmur (vəzifəli şəxs) olmasaydı, polislər cəza-filan alası deyildilər və «müqəddəs vəzifələrinin icrasını bu gündə davam etdirəcəkdilər». Deməli, pllislərlə baş verən olaylar bir daha sübut edir ki, Azərbaycanda «qanun - onu yazanlar üçün əyləncə, kasıb-kusub üçün isə qadağa»dan başqa bir şey deyil!
İkinci nəticə isə budur ki, Daxili İşlər Nazirliyi baş vermiş hadisələrə reaksiyası ilə növbəti dəfə təsdiqlədi ki, polislərimiz yumşaq desək, «etik kodeksin tələblərini pozur» və vətəndaşlarla «kobud rəftar edirlər»...
Belədə məntiqii sual yaranır: Daha zavallı Eldəniz Quliyevi nə üçün mühakimə edirsiniz (özü də xüsusi ittiham qaydasında!)?! Bu zavallı da elə siz yazdıqlarınızı yazmışdı axı.
Burası gülməli Azərbaycan...

Şərhlər