Mətləb MÜTƏLLİMLİ
50-ci illərdə xalqın şairi Səməd Vurğun bir neçə ziyalı ilə Qazaxa növbəti səfərini edir. İş elə gətirir ki, rayona çatmamış maşın yolun qırağında dayanmalı olur. Yolun o biri tərəfində nəsə satan uşaq şairin diqqətini cəlb edir və yolu keçərək cındırından cin hürkən uşağa yaxınlaşır. Ədəb ərkanla salam verir, dizlərini qatlayıb çömbələm oturur, zoğaldan yeyə-yeyə uşaqla söhbətə başlayır. Aralarında belə bir söhbət olur:
Şair- Nə satırsan, kəlbala?
Uşaq- Zoğal satıram.
Şair- Məktəbdə oxuyursanmı?
Uşaq- Bəli, 5-də oxuyuram.
Şair- Zoğalı satıb pulunu neynəyəcəksən?
Uşaq- Dəftər, kitab alacağam.
Şair- Bəs, kitab-dəftəri atan niyə almır?
Uşaq- Atam yoxdur.
Şair- Şairlərdən kimi tanıyırsan?
Uşaq- Nizamini, Füzulini, Sabiri, Səməd Vurğunu, Osman Sarıvəllini.
Şair- Səməd Vurğunun hansı şerini bilirsən?
Uşaq- Çox şeirlərini bilirəm.
Şairin təklifi ilə uşaq onun “Dağlar” şerini xüsusi avazla deyir. Şair deyir ki, belə görürəm, özün də şeir yazırsan. Uşaq utana-utana “Bəli” deyir və şairin xahişi ilə yazdığı şeirlərdən bir bənd deyir. Şair onun şeirini tərifləyir, yediyi 5-6 dənə zoğala görə zoğal bankasına 2 ədəd 25-lik pul qoyur və uşaqla şərt kəsir ki, məktəbi qurtarandan sonra Bakıya gələrsən, instituta girməyinə kömək edərəm.
Bu hadisənin üstündən 5 il keçəndən sonra kolxoz sərdi xəbər göndərib uşağı təcili yanına çağırır. Uşaq da ürəyində ”Yəqin, otardığım mallar kolxozun zəmisinə girib, sədr buna görə abrımı bükəcək” deyə, fikirləşə-fikirləşə kolxoz sədrinin yanına yollanır. Kolxozun idarəsinə gələndə orda bir neçə nəfər görür. Onların içərisindən bir nəfər, sonradan tanıdığı ağsaçlı Osman Sarıvəlli ayrılıb uşağa yaxınlaşıb, əl verib görüşür, rayon partiya komitəsinin 1-ci katibi, İcraiyyə Komitəsinin sədri və kolxoz sədri ilə uşağı tanış edir, sonra da uşaqla onlara getmək istədiyini bildirir. Birinci katiblə kolxoz sədri bir-birinin üzünə baxır, onlarda oturmağa bir kətil belə olmadığını bildiklərinə görə kolxoz sədri şairə:
-Yol gəlmisiniz , yorğunsunuz, gəlin dağın ətəyinə gedək, bir az dincəlin, sonra gedərsiniz - deyir.
Osman müəllimin təkidlə uşaqgilə getmək istədiyini görən kolxoz sədri yalandan bəhanə gətirərək:
-Bunun anası bərk xəstədir, narahat etməsək yaxşıdır, desə də, şair “Nə olar, gedib xəstəyə baş çəkərik”, deyə israr edir.
Çarəsiz qalan kolxoz sədri uşağı evə qaçırır ki, qonaq gələnə qədər, oturacaqdan, xalça–palazdan tapıb evə döşəsinlər. Uşağın anası, qohum-əqrabaları ağsaqqal şairi ehtiramla qarşılayırlar, qonşudan borc aldıqları qoyunu onun ayağına qurban kəsirlər. Şair uşağın məktəbi qurtarıb-qurtarmadığını soruşur. Dərsindən hələ bir il qaldığını eşidəndə, “Bizim hesabla, sən orta məktəbi qurtarmalı idin, bəlkə sinifdə qalmısan?” deyə soruşur.
Kolxoz sədri cavab verir ki, “Xeyr, Osman əmi, o, əlaçıdır, gələn il məktəbi qurtaracaq.”
Osman Sarıvəlli üzünü oturanlara tutub deyir ki, dostum Səməd Vurğun ömrünün son günlərini yaşayırdı. Bir gün onun yanına getdim, oturub xeyli söhbət etdik. Mənə dedi ki, Osman, bilirəm ki, xəstəliyim çarəsizdir, öləcəm . Mən bu həyatda sazımdan heç doymadım, xahiş edirəm söhbətimiz qurtarandan sonra divardan asılan sazı götür doyunca çal. Bir də, bir iş yaxşıdır ki, bu dünyadan gedirəm, heç kəsə borcum yoxdur, bir nəfərdən başqa. Qazaxda istedadlı bir uşağa rast gəldim, onun haqqında sənə danışmışam, ona kömək edəcəyimə söz vermişdim, əcəl macal vermədi, oxumasına kömək edərsən, yalançı çıxmayım. Mən də bura gəlmişəm, dostumun vədini yerinə yetirim. Bir halda ki, hələ, o, məktəbi bitirməyib, qurtaran kimi Bakıya gəlsin, nə lazımdır kömək edəcəm.
Bir il ötdü, uşaq Bakıya gəlib öz gücünə Xarici Dillər İnstitutuna daxil oldu, lakin Osman əminin köməyi olmadan ötüşə bilmədi. İnstituta qəbul olandan sonra rayona getmiş, pasport masa rəisi 15 gün onu həyətində işlədəndən sonra pasport qeydiyyatından çıxarmışdır. Bakıya gələndə isə dərsə gəlmədiyinə görə institutdan xaric edilmiş gənc, məcbur qalıb nurani şairə müraciət edir. Osman Sarıvəlli də dünyasını dəyişmiş dostunun vədinə sadiq qalıb uşağı instituta bərpa etdirmiş, 5 il onun bütün əziyyətlərini çəkmiş, ata kimi qayğısına qalmışdır.
Ah, indi, hanı o kişilər? Görəsən, belə kişilərin nəslində bu qədər yaltaqlar, satqınlar hardan əkilib-becərilib? Babası Koroğlu olanlarda bu qədər keçəl həmzələr olmamalı idi axı?! Bağışlayın bizi. Allah xatirinə, bağışlayın bizi, sizə layiq ola bilmədik, babalar... Haqqında bəhs etdiyim uşaq isə, indi çoxlarının gözəl yazıçı, şair kimi tanıdığı, saxta seçkiləri, dövlət qurumlarında baş verən özbaşınalıqları, cəmiyyətdəki rəzaləti, çirkinlikləri satirik qələmi ilə ifşa edən Məmməd Əfşardır.
Bu hadisəni niyə xatırladım? Özünü hərşeyşunas hesab edən Sərdar Cəlaloğlu Səməd Vurğunu aşağılayanda ürəyim ağrıdı, fikirləşdim ki, görəsən, o özü heç olmasa ömründə bir dəfə də olsa yetim sevindiribmi, ehtiyacı olan birinin oxumasına kömək edibmi?
Hərçənd ki, Sərdar Cəlaloğlu bir nəfərə kömək edir. Bu hakimiyyət tərəfindən ailəsinin gözü qabağında təhqir ediləndən, günahsız zindana atılandan, daha sonra “konstruktiv müxalifət” olandan sonra, xalqının pis gününə dözməyib onun hüquqları uğrunda mübarizə aparan insanları, həqiqi müxalifət nümayəndələrini aşağılamaqla oğlunu indiki hakimiyyətin pulu hesabına xaricdə oxutdurur.

Şərhlər