Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-gömrük məntəqəsində gərginlik yaranıb.
Bu barədə bizimyol.info-ya saytın hadisə yerində olan əməkdaşı məlumat verib.
Bildirilir ki, sərhəddə 2000-ə yaxın insan toplanıb və qarşı tərəfə keçmək istəyirlər. Artıq 3 saatdır burada gözləyənlər də var. Lakin insanlar qarşı tərəfə buraxılmır.
Məntəqədən növbənin dəyişildiyi deyilir. Narazılıq o qədər şiddətlənib ki, hətta çaxnaşma halları qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan-Gürcüstan sərhəddində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, nəqliyyat vasitələri üçün nəzərdə tutulan 2 keçid xətti əvəzinə 4 keçid xətti fəaliyyət göstərir və yaxın 2-3 saat ərzində mövcud sıxlıq aradan qaldırılacaq.
Xatırladaq ki, bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadze ilə görüşündə də bu kimi halların qarşısının alınması üçün iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsinin, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılmasının zəruriliyi vurğulanıb, gömrük-sərhəd keçid məntəqələrində mütəmadi olaraq ikitərəfli görüşlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.



Şərhlər