Sərgi Rusiyanın Sverdlovsk vilayətində sentyabr ayında baş tutacaq.
"Regionda vəziyyətin tam stabilləşməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması zəruridir".
Anspress-in məlumatına görə, bunu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O, İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibəti ilə rusiyalı həmkarını təbrik edib. Nazir danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayıb.
Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan Azərbaycanın XİN rəhbəri Rusiyanın həmsədr ölkəsi kimi rolunu önə çəkmişdir.
Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardığını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtının çatdığını vurğulamış və bunun üçün bütün əsasların olduğunu söyləyib.
Xatırladaq ki, iyul ayının 17-də Elmar Məmmədyarov Rusiyaya işgüzar səfər edib.
Lavrov görüş zamanı bu səfərin yüksək səviyyədə olan ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Rusiyalı nazir Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın bir çox sahələrdə, o cümlədən humanitar sahədə uğurla davam etdiyini bildirib. O, bu il Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı Azərbaycanda Rusiya Mədəniyyət Günlərinin təşkil olunacağını qeyd edib.
Eyni zamanda Sergey Lavrov 2015-ci ilin sentyabr ayında Sankt-Peterburq şəhərində Arktikanın neft-qaz yataqlarının araşdırılması ilə bağlı tədbirin keçiriləcəyini söyləyib və bura Azərbaycanın Sənaye və Energetika Nazirinin də dəvət olunduğunu bildirib.
Bundan əlavə Rusiyanın XİN başçısı sentyabr ayında Yekaterinburqda keçiriləcək Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində regionlararası forumun da təşkil olunacağını bildirərək, Sverdlovsk vilayətində isə hərbi texnika sərgisinin keçiriləcəyini və burada Azərbaycan nümayəndə heyətinin iştirakını gözlədiklərini vurğulayıb.


Şərhlər