Üçqat böhranın (Yunanıstan, Ukrayna və qaçqınlarla bağlı məsələ) öhdəsindən çətinliklə gələn Avropa, keçən həftə Rusiyanın Ufa şəhərində BRİCS, Avrasiya İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin keçirilməsini, demək olar ki, heç hiss etmədi. Buna ancaq təəsüflənmək olar. Çünkü orada qəbul edilmiş qərarlar Avropanın gələcək taleyinə təsir göstərə bilər.
Çinin Xarici İşlər Nazirliyinin Avropa və Orta Asiya üzrə departamentinin rəhbəri Quy Çuntyu “TASS” agentliyinə bildirib ki, Rusiya prezidenti ilə Çin Xalq Respublikasının sədri İpək Yolu ilə Avrasiya İttifaqının birləşdirilməsi üçün konkret addımlar atıblar. Ümumi yekunda isə Pekindən Minskiyə qədər vahid və gömrük rüsumundan azad olan geniş məkan yaranacaq. Belə olan vəziyyətdə, Çinin infrastruktur layihələr üzrə İpək Yoluna yatırdığı 50 milyard dollar dəyərindəki sərmayə, çox sürətlə geri qayıdacaq. Keçən il Çin ilə 400 milyard dollarlıq qaz müqaviləsi imzalayan Rusiyanın da, bu layihədən gəlir əldə edəcəyi bildirilir.
Bəllidir ki, bu əməkdaşlıqda aparıcı rolu Çin oynayacaq. Ona görə ki, Moskvada sadəcə olaraq, pul yoxdur. Belə şərtlər daxilində isə, Moskva Pekinin aparıcı rolunu qəbul edir. Rusiya Çinin İnfrastruktur Bankı hesabına Orta Asiyanın maliyyələşdirilməsi ilə bağlı olan layihələrə qarşı olan narazılıqlarını geri götürüb. Ancaq buna baxmayaraq, Rusiyanın güclü ordusu var və onlar İpək Yolununun təhlükəsizliyini təmin edə bilərlər. Sözsüz ki, qarşılığının ödənilməsi şərti ilə.
Moskvadakı Karnegi mərkəzinin əməkdaşı Aleksandr Qabuyev məsələ ilə əlaqədar “Foreign Policy” jurnalına deyib: “Belə olan vəziyyətdə Çin bank, Rusiya isə güclü silah olacaq”.
Əgər “İpək ittifaqı” (və ya “Avrasiya yolu”) ilk növbədə iqtisadi layihədirsə, onda öz tərkibinə Hindistanı və Pakistanı da qatan Şanxay Əməkdaşlıq Təşkilatı geosiyası və geostrateji rol oynayacaq. Bu təşkilat, həm öz ərazisində və həm də İpək Yolunun keçdiyi ərazilərdə sabitliyi təmin etmək və terrorizmlə mübarizə aparmaq istəyir. Məhz buna görə də, Çin Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin xərclərinin ödənilməsi və taliblərlə aparılan sülh danışıqlarını öz nəzarətinə götürməyə söz verib. Bizim gözümüz önündə, Qərb münaqişələrin tüğyan etdiyi ölkələrdə vahid təminatçı rolunu itirib. Şanxay Əməkdaşlıq Təşkilatının bunu həyata keçirmək üçün gücü və imkanları var.
Əlbəttə, ola bilsin ki, yeni yaranan ittifaq daxili münaqişələrlə üzləşəcək. Hindistan Kəşmirin Pakistanın nəzarətindəki ərazidən keçəcək Çin-Pakitan dəhlizinə qarşı, öz etirazını bildirib. Çünki Dehli həmin ərazilərə iddialıdır. Hindistanın Moskvaya qarşı da ittihamları var. Beləki, Dehli Rusiyanın Pakistanla bağladığı hərbi əməkdaşlıq müqaviləsini etirazla qarşılayır. Ümumiyyətlə isə, bu iki yeni üzv ölkənin terrorizmlə mübarizə ilə əlaqədar necə qarşılıqlı ünsiyyət quracaqları tam olaraq aydın deyil. Hazırda Dehli, toqquşmaların baş verdiyi Kəşmir bölgəsindəki terrorçuların İslamabad tərəfindən müdafiə olunduğunu iddia edir. Bundan əlavə, Çin hərbçilərinin Cənubi-Çin dənizindəki təcavüzkar hərəkətlərini tənqid etməkdən Hindistanın əl çəkəcəyi də az inandırıcıdır.

Amma bütün bunlara baxmayaraq, Şanxay Əməkdaşlıq Təşkilatı ön planda və həm də daha cazibədar olduğu üçün, tərəflər arasındakı mübahisələr ikinci plana keçir. Türkiyə prezidenti Rəcəb Ərdoğan deyib ki, əgər ŞƏT Ankaranı öz tərkibinə qəbul edərsə, onda onlar Avropa Birliyinə üzv olmaq cəhdlərindən məmnuniyyətlə əl çəkərlər. Düzdür, sonradan Ərdoğan zarafat etdiyini bildirsə də, ancaq burada müəyyən həqiqət də var.
Əgər Çin iqtisadiyyatı ilə Rusiya silahının ittifaq yaratması, doğrudan da fakta çevrilərsə, onda Qərbin çox çətin rəqabət apara biləcəyi yeni geosiyasi güc meydana gələcək. Belə olan halda isə, Amerikanın üzünü Asiyaya tərəf çevirməsi və eyni zamanda da Avropa Birliyi ilə ABŞ arasındakı Transatlantik ticarət və investisiya əməkdaşlığı təxirəsalınmaz dərəcədə vacib olacaq.
Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri arasında yeganə demokratik ölkə Hindistandır. Sözsüz ki, diktaturalar sürətli qərarlar qəbul etməyi daha yaxşı bacarırlar. Amma bununla yanaşı, diktaturalar qəbul etdikləri qərarları tez-tez də dəyişirlər. Çünki belə ölkələrdə hər şey kiçik bir qrupdan asılıdır. Demokratiya isə qərarları ləng və həvəssiz qəbul etsə də, möhkəm ittifaqlar qurur. İndiki vəziyyətdə nəinki iradə, həmçinin güc və pul da lazımdır ki, bu da Şanxay Əməkdaşlıq Təşkilatında var.
(“Gazeta Wyborcza” - Polşa)

Şərhlər