Etibar ƏLİYEV
“Alim, öz fəaliyyətinin mənəvi tərəfini də nəzərə almalıdır”
P.Kapitsa
Deyirlər ki, elmin milləti yoxdur. Həqiqətən belədir. Buna çoxlu misallar da gətirmək olar. Məsələn, yəhudi milliyətindən olan Karl Landşteyner 1930-cu ildə insanın qan qruplarını kəşf etdiyinə görə tibb üzrə Nobel mükafatına layiq görüldü. Antisemitizmin gücləndiyi bir vaxtda başqa bir nobelçi yəhudi maraqlı bir mülahizə söylədi: “Biz bəşəriyyətin düşməni olsaydıq, Landşteyner qan qrupunu, mən isə kəşf etdiyim antibiotiki gizlədərdim. Onda insan tələfatı 100 dəfələrlə artardı”.
Ancaq buna bənzər xeyli sayda kəşflər antisemitizm dalğasını durdura bilmədi. Necə ki, Kərim Kərimovun fəaliyyəti Qorbaçovun bizə qarşı nifrətini yumşalda biməmişdi. Landşteyner, Eynşteyn, Rezerford, Nils Bor, Əbdus Salam və başqaları böyük alim və dəyərli vətəndaş olmaqla, mənsub olduqları millətləri göylərə qaldırıblar. Biz də Lütfü zadə, Kərim Kərimov, Abbas Çayxorski kimi alimlərimizlə həmişə qürur duymuşuq. Dinc dövrlərdə qürur duymağa dəyərdi. Pis günlərdə isə biz onlardan nəsə ummalıydıq. Bu təbiidir. Çünki belə adamlarımızın sayı çox azdır. Və onların sözünə böyük ehtiyacımız olub. Kərim Kərimov məxfiliyini Qarabağ münaqişəsinə obyektiv mövqeyini ortaya qoymaqla daha yaxşı aradan qaldıra bilərdi. Çünki kosmos məsələləri sovetlər dağılandan sonra artıq bizim üçün heç bir maraq kəsb etmirdi.

Əfrand Daşdəmirov adlı rus dilli akademiki kimsə xatırlayırmı? Ancaq ermənilər Şaxnazaryanı, Sitaryanı, Aqanbekyanı Qarabağın Azərbaycandan qoparılmasının ideoloji simaları hesab edirlər.
Qarabağla bağlı hansı millətin tanınmış nümayəndəsi bizim haqlı mövqeyimizi müdafiə edirsə o, mənim üçün Kərim Kərimovdan böyük adamdır. Daim məxfi qalan bu azərbaycanlı fürsətdən istifadə edib öz heykəlini qəlbimizdə qura bilərdi. Amma bunu etmədi. O, kosmos sahəsində Sergey Korolyovdan çox iş görməyib. Söhbət elmdən gedirsə, Korolyovla daha çox fəxr etmək lazımdır.
Bu analogiyanın da oxucular üçün maraqlı olacağını zənn edirəm:
Orxan Pamuk Nobel mükafatına layiq görüləndə düşünürdüm ki, yüksək tribunadan səsləndirdiyi Nobel nitqində türk dünyasının qarşılaşdığı problemlərin heç olmasa bir neçəsinin adını çəkəcək. Həm də bununla o, əvvəlki hərəkətlərinə bəraət qazandıra bilərdi. Onun nitqindən verdiyim bu parça demək olar bütün nitqinin məzmununu ehtiva edir:
“Ölümündən iki il öncə atam şəxsi yazıları, əlyazmaları və dəftərlərilə dolu kiçik bir çamadan verdi mənə. Hər zamankı zarafatçıl, alayçı təbiətinə sadiq qalaraq özündən, yəni ölümündən sonra onları oxumamı istədiyini söylədi. Atamın böyük bir kitabxanası vardı. Gəncliyində, 1940-cı illərin sonunda, İstanbulda şair olmaq istəmiş, Valerini türkcəyə çevirmiş, amma oxucusu az, yoxsul bir ölkədə şeir yazıb ədəbi həyatın çətinliklərini yaşamaq istəməmişdi. Babam zəngin iş adamı olduğundan, atam rahat bir uşaqlıq və gənclik keçirmişdi, ədəbiyyat üçün, yazı üçün çətinlik çəkmək istəmirdi”.
Ondan bir il əvvəl, 2005-ci ildə Nobel mükafatına layiq görülmüş ingilis dramaturqu Harold Pinterin Nobel nitqinin bir parçasına diqqət edin: “İraqa hücüm banditizm aktıdır. Açıq-aşkar dövləti terrordur. İraqa hücum ardıcıl yalanlara əsaslanan, ictimai rəyi biabırçı manipulyasiya edən istibdad, hərbi əməliyyatdır. Burada məqsəd Yaxın Şərqə hərbi və iqtisadi nəzarəti gücləndirməkdir. Neçə nəfəri öldürmək lazımdır ki, sizin cinayətiniz “kütləvi qırğın” kimi təsnifatlandırılsın? Və siz hərbi cinayətkar adlandırılasınız? Yüz min? Mənə belə gəlir ki, bu normadan çoxdur. Ədalət tələb edir ki, Buş və Bleyer BMT-nın Beynəlxalq Məhkəməsi qarşısında dayansınlar. Lakin Buş axmaq deyil. O, BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya etməyib. Hətta xəbərdarlıq edib ki, hansısa Amerika əsgəri, yaxud siyasətçisi məhkəmə qarşısında dayanmalı olsa, oraya dəniz piyada qoşunu göndərəcək. Lakin Bleyer BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya edib. Buna görə də onun məhkəmə təqibi əlverişlidir. Əgər hakimlər üçün maraqlıdırsa, mən onun ünvanını göstərə bilərəm. London Dauninq-strit, ev 10.
Müharibə başlayanda Britaniya qəzetlərinin birində Bleyerin iraqlı körpəni qucağına alıb, üzündən öpməsi şəkli verilmişdi. Bir neçə gün sonra isə həmin qəzetdə evlərinə mərmi düşməsi nəticəsində iki qolunu itirmiş uşaq şəkli adamı dəhşətə gətirirdi. Məhv olmuş ailədən sağ qalan bu uşaq bizə “mənim nə vaxt qələmim olacaq”- sualını verir. Bu körpəni Bleyer qucağına götürmür, ona nəvaziş göstərmir, çünki qalstuku və köynəyi qana bulaşar”.
Mənə görə Harold Pinter də Orxan Pamukdan həm böyük yazıçı, həm də böyük şəxsiyyətdir.
Allah Pinterə rəhmət eləsin.


Şərhlər