Xalid Niyazov: “Artıq-əskik danışmaması üçün Gülər Əhmədovanın oğlunu apardılar məmləkətdə "ölüm dəyirmanı" sayılan əsgərliyə...”
Tanınmış jurnalist, “Azərbaycan” qəzetinin keçmiş şöbə müdiri Xalid Niyazov “Feysbuk”da maraqlı bir status paylaşıb. Kiçik məqalə həcmində olan statusunda Xalid bəyin bir neçə hədəfə “atəş açdığı” aydın görünsə də, ilk baxışdan bu hədəfləri müəyyənləşdirmək mümkün olmur. Lakin ilk baxışdan... Əslində isə Xalid bəyin əsas hədəfi o qədər aydın görünür ki, ünvan göstərməyə ehtiyac qalmır...
AzPolitika.info mövzunun aktuallığını nəzərə alaraq, hökumət cəbhəsindəki ən istedadlı qələm sahiblərindən birinin maraqlı “Feysbuk” statusunu təqdim edir:
“Bu gün "Yeni Müsavat"da "Elşad Abdullayevev, Gülər Əhmədova və başqalarının korrupsiya macəraları" serialının əsas personajlarından rəhmətlik Sevinc Babayevanın ölümündən qabaq guya ki, prokurorluğa ünvanladığı məktubu oxudum. Necə qəribə şeylər baş verir bu məmləkətdə?! Artıq həyasızlıq o dərəcəyə çatıb ki, biriləri düşünür ki, bu millətə istənilən yalanı "rahatluhum" kimi yedizdirmək mümkündür. Çünki millət bunların çox işdəklərinə dözüb, sinirib. Qəribəsi də odur ki, həmin məktub hansı yollarlasa gəlib düşüb "YM" qəzetinin əlinə. Atam-qardaşım, məgər bu qəzetin gizli istihbaratı, kəşfiyyatı, əks-kəşfiyyatı var ki, bütün ilginc məlumatlar, "şok xəbərlər" bu qəzetdən çıxır? Harada kimin "torbasını tikmək", kiminin evini yıxmaq, kimisə "basdırmaq" lazımdırsa, harada hansı nadürüstlük baş verəcəksə oradan bu qəzetin və onun baş redaktorunun adı çıxır. Qəzetin səhifələri dönüb olub bir növ "deza" yuvası.
Hesab edirəm ki, qəzetin rəhbərliyinin ağlı mənimlə yersiz mübahisə açmamağa yetəcək səviyyədədir. Çünki bizlər ən azı həmin qəzet yarananadan onun və rəhbərliyinin fəaliyyətini izləməkdəyik. Bu yolda nələr gördük, nələr...
Sözümün mustafası budur ki, Vallah, ayıbdır. Bu cür ucuz "nömrələr" sirk arenası üçün keçərlidir, daha ciddi saydıqları qəzet səhifəsi üçün deyil. Allah bütün dardakıların qapısını açsın, o cümlədən də Gülər Əhmədovanın. Bəli, Əvəz Zeynallı onun qurbanı olduğu kimi, o da bir başqasının şikarıdır. Artıq-əskik danışmaması üçün oğlunu apardılar məmləkətdə "ölüm dəyirmanı" sayılan əsgərliyə, hələ bir "əminlik" üçün basıb qol-qabırğasını da qırdılar.
Baş-beyninizi aparmaq istəmirəm. Bütün bunlar və gizlində qalan bir çox maraqlı məqamlar barədə layihəsini hazırladığım böyük bir sənədli əsərdə bəhs edəcəyəm.
Sadəcə, deməyim odur ki, adamı aldadıb evindən qürbətdə zəhərləyərək öldürdünüz, heç olmasa imkan verin sümükləri sakitcə sümə olsun, çirkin oyunların alətinə çevirməyin. Hələ harasıdır, əminəm ki, yaxın vaxtlarda məmləkətin kolxoz və fermalarında, məktəb və səhiyyə müəssisələrində "Gülər Əhmədovaya azadlıq!", "Elşad Abdullayevə ar olsun!" sayaq mitinq və müzakirələr də keçiriləcək.
Doğrudan da, təəccüblüdür; rüşvətxor olasan, korrupsioner olasan, ev yıxasan, zalımlıq edəsən, başqasının haqqını yeyəsən, ləyaqətli insanları şərəfsizlərin ümidinə qoyasan və "içəridə" oturasan (Bu dediklərimin Gülər xanıma ümumiyyətlə dəxli yoxdur- !)”
Qeyd edək ki, Xalid Niyazov uzun illər “Azərbaycan” qəzetinin şöbə müdiri olub, onlarla səs-küylü məqalənin müəllifidir. Bir müddət əvvəl bu qəzetin baş redaktoru, deputat Bəxtiyar Sadıqovla münasibətləri pisləşdiyi üçün işdən çıxarılıb. Onun anonsunu verdiyi araşdırmasını, mövzunun "həssaslığına" görə, bəri başdan sensasiya hesab etmək olar...
V.Nəsibov

Şərhlər