İyulun 27-i Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi davam edib."Azadlıq" qəzetinin məlumatına görə, məhkəmədə iştirak üçün gələn ictimai-siyasi fəalların və jurnalistlərin əksəriyyəti zala daxil ola bilməyib.
Arif Yunus məhkəmnin bu şəkildə qapalı keçirilməsinə etiraz edib: "Siz nəyi sirr saxlamaq istəyirsiz?".
Leyla Yunus da məhkəməni ittiham edib: "Sizin çıxaracağınız hökmün mənim üçün fərqi yoxdur. Amma siz tarixə qatil kimi, cəllad kimi düşəcəksiz".
Prokuror Fərid Nağıyev ittiham aktını elan edib. Proses davam edir.
Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.
Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır. Yunuslar bildirib ki, ittihamın mahiyyəti onlara aydın deyil.
--------

Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.
«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.
Hazırlıq iclasında Leyla Yunus təcridxanada məruz qaldığı işgəncələrdən danışıb, əri Arif Yunusun başında şiş yarandığını, tibbi müalicəyə ehtiyacı olduğunu söyləyib.
Penitensiar Xidmət daha öncə işgəncəylə bağlı yayılan xəbərləri təkzib edib.


Şərhlər