Menu

Göyçay polisi: Taleh Xasməmmədovun anasına "cinayət işi açılmayıb"

05.08.2015, 19:54
Göyçay polisi: Taleh Xasməmmədovun anasına "cinayət işi açılmayıb"

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədovaya cinayət işi açılmayıb, Göyçay polis bölməsindən bildiriblər.Gülbuta Xasməmmədova oğlunun iyulun 22-də baş tutmuş məhkəməsində polislərə etiraz etdiyini və əvəzində onlar tərəfindən "təhqirlərə və fiziki təzyiqə" məruz qaldığını iddia edərək, ona cinayət işi açıldığını deyib.

"Oğlumu məhkəmə zalından azadlığa buraxılmadığına etiraz etdim. Bu zaman üzəduran polis Vahid Həşimov mənə hücum etdi. Özü də xidməti geyimdə deyildi. Məni pis söyüşlə təhqir etdi. Onu vurmaq istəyəndə kapitan İslam İslamov qolumdan tutdu, məhkəmə zalında sürüdü məni. Əllərim qanadı. Sonra huşumu itirdim, gözümü açdım ki, təcili yardım maşınındayam,” o BBC Azərbaycancaya bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Ehsan Zahidov xanım Xasməmmədovaya qarşı cinayət işinin açılması haqqında məlumatsız olduğunu bildirib.

"Polisə qarşı müqavimət göstərib və polisi təhqir edərsə belə bir cinayət işi açıla bilər. Zərərçəkənə yox, günahkara cinayət işi qaldırırlar", o əlavə edib.

"Elə bir cinayət işi açılmayıb", Göyçay polis bölməsindən BBC Azərbaycancaya deyiblər.

58 yaşlı Gülbuta Xasməmmədova bildirir ki, baş verən hadisələrdən Daxili İşlər Nazirliyinə şikayət edib.

Hüquq müdafiəçisi Taleh Xasməmmədov bu ilin fevralında "xuliqanlıq" ittihamı ilə həbs edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bu onun ilk həbsi deyil. O, 2011-ci ilin noyabrında da "xuliqanlıq və polisə müqavimət" maddələri ilə həbs edilərək 4 il azadlıqdan məhrum edilib. Cəzasının təxminən bir ilini çəkdikdən sonra prezidentin əfv sərəncamına düşərək azad olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol