Vəkil: "Prosesin gedişi ən ağır cəzanın veriləcəyini göstərir"
Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu gün də məhkəməyə gələnlər, o cümlədən jurnalistlər içəri buraxılmayıb.
Yalnız bir neçə ölkənin səfirləri içəri keçə bilib. Əvvəlki günlərdən fərqli olaraq bu gün giriş qapısına qıfıl asılıb. Məhkəmə zalı yenə də baxılan işin mahiyyətindən xəbəri olmayan adamlarla doldurulub.
Məlumata görə, Arif Yunusun yenə də səhhəti pisləşib, ona iynə vurulub. Vəkil Ramiz Məmmədov başqa məhkəmədə iştirak etmək məqsədi ilə prosesi yarımçıq tərk edib və içəridə baş verənlər barədə məlumat verib. Vəkilin sözlərinə görə, Arif Yunusun vəziyyəti pisdi, uzanıqlı vəziyyətdədir.
Vəkil vəsatətlərin verildiyini, lakin onlara baxılmadığını deyib. Bildirib ki, ittihamın əsassız olması ilə bağlı vəsatət verib. Marşal Fondundan və Milli Demokratiya İnstitutu adından sənədləri məhkəməyə təqdim edib: «Donor təşkilatların təqdim etdiyi həmin sənəddə deyilir ki, qrant onlara məxsusdur və təyinatı üzrə xərclənib. O cümlədən Arif Yunus bu təşkilatların sifarişiylə islam faktoru ilə bağlı kitab yazıb. Başqa vəsatət olmadı».
Ramiz Məmmədov həmin vəsatətə də baxılmadığını söyləyib. O, donor təşkilatların nümayəndələrinin şahid kimi dindirilməsini də təklif etdiyini söyləyib. Vəkil vəziyyətin «çox gərgin» olduğunu bildirib: «Mən realist adamam. Vəziyyət çox gərgindir. Hansı sənədi təqdim etməyinin, nəyi necə əsaslandırmağının əhəmiyyəti yoxdur».
Bugünkü prosesdə məhkəmə istintaqı yekunlaşıb və ittiham aktı oxunub. Arif və Leyla Yunus ittihamları rədd edir və onların absurd olduğunu deyib.
Məhkəmə sabah, avqustun 6-ı, saat 10-da davam edəcək. Prosesdə prokurorun çıxışı gözlənilir.
Məhkəmədən sonra vəkil Elçin Qəmbərov bildirib ki, prosesin gedişi ən ağır cəzanın veriləcəyini göstərir.
Məhkəmədə hüquq müdafiəçisi Leyla Yunus hakim Əfqan Hacıyevi onu və həyat yoldaşı Arif Yunusu işgəncələrə məruz qoymaqda ittiham edib. O, hakimin dəyişdirilməsini tələb edib. Bu barədə hüquq müdafiəçisi telefon zəngi hüququndan istifadə edərək, "Turan" agentliyinə bildirib.
“Avqustun 3-də məhkəmə iclasında Arif hipertoniya böhranı keçirib, təzyiqi 260:140-a çıxıb və o, huşunu itirib. Buna baxmayaraq, hakim iclası yekunlaşdırmayıb, həkimləri Arifi özünə gətirməyə çağırıb. Bir neçə saat Arif taxta skamyada uzanıb, həkim isə ona iynələr vurub. Arifin başı mənim dizlərimdə idi, amma nəzarətçilər məni şüşə qəfəsdən sürüyüb çıxardılar, mənə də, Arifə də fiziki əziyyət verdilər”, - deyə Leyla Yunus bildirib.
O deyir ki, prosesin təxirə salınması və ərinin müalicəsinə imkan verilməsi haqqında bütün tələblərə və vəsatətlərə hakim məhəl qoymayıb. Avqustun 4-də vəziyyət təkrarlanıb:"Arifi məhkəməyə gətirməzdən əvvəl MTN təcridxanasında həkim ona iynə vurub, amma bu, cəmi yarım saat üçün kifayət edib. Arif infarktöncəsi vəziyyətdədir, təzyiqi daim yüksəlir və o, huşunu itirir.
Bu gün, avqustun 5-də vəziyyət təkrarlanıb, saat 10-dan 13-ə qədər həkim Arifə 6 iynə vurub – hər yarım saatdan bir, amma hakim iclası dayandırmayıb, onu heç olmasa üç günlüyünə təxirə salmayıb. Bu, əsl işgəncədir, Əfqan Hacıyev isə inkvizitordur, o, Arifin həyatını təhlükəyə atır, buna son qoyulmalıdır, mən prosesin bir müddət təxirə salınmasını tələb edirəm!”,deyən Leyla Yunus əlavə edib ki, öz vəkillərindən Əfqan Hacıyevin kənarlaşdırılması haqqında müraciətini Məhkəmə-Hüquq Şurasına verməyi xahiş edib.
əkil Əfqan Məmmədov məhkəmə tərkibinə yazılı etiraz edib. Dedi ki, məhkəmə qərəzli aparılır, Arif Yunusun şüşə qəfəsdən çıxarılması barədə vəsatət təmin olunmadı: "Bizim cinayət işinə xitam verilməsi barədəki vəsatətimiz də təmin edilmədi. Belə çıxır ki, bizim burada oturmağımız əsassızdır. Ona görə də məhkəmə tərkibinə etirazımı bildirirəm".
Vəkilin bu etirazı qəbul edilməyib.
Daha sonra çıxış edən Leyla Yunus vəkilin çıxışını dəstəklədi. Dedi ki, o, xəstə adamın məhkəmə zalına gətirilməsini ilk dəfədir görüb: “Arifə hər gün iynə vurulur. Belə məhkəmə olmaz”.
L.Yunus daha sonra məhkəmə heyətinə sərt formada etiraz edərək səsini ucadıb: “Bu hakim işdən dərhal kənarlaşdırılmalıdır. Belə məhkəmə olmaz”.
Hakim Əfqan Hacıyev isə təqsirləndirilən şəxsin arqessiv çıxışına belə reaksiya verib: “Leyla Yunus, bura məhkəmə zalıdır. Danışığınıza fikir verin, tərbiyəniz olsun”.
Arif Yunus da vəkilinin etirazını dəstəkləyib.
Bundan sonra məhkəmə heyəti müşavirəyə yollandı. Onlar müşavirə otağına keçəndən sonra L.Yunus üzünü zala tutaraq çıxışını davam etdirib. Dedi ki, bu məhkəmə işi Novruzəli Məmmədovun işinə bənzəyir: “Ayın 3-də keçirilən prosesdə Arifin təzyiqi qalxdı, başı dizimin üstündə qaldı. Belə proses olmaz. Bu, qanunsuzluqdur”.
L.Yunus daha sonra dövlət ittihamçısı Fərid Nağıyevi ittiham edib: “Siz kimsiniz, nəçisiniz, haralısınız? Mən boyu 1 metr 60 sm, çəkisi 45 kilo olan yaşlı qadınam, amma siz məndən qorxursunuz. Siz qorxaqsınız. Mənə burada zorakılıq edilir, hüquqlarım pozulur”.
Eyni zamanda, o bildirib ki, dövlətə xəyanət ittihamı ləğv edilsə də, məhkəməyə bu barədə danışan insanlar çağırılır.“Jurnalist Əkbər Həsənov bildirib ki, Ermənistanda olub və Arifin David Şahnazaryanla pıçıldaşdığını görüb və bu, onda şübhə doğurub. Onda mən ondan soruşdum: bəs niyə neçə ildir susurdun və bu barədə MTN-ə məlumat vermirdin, indi isə danışırsan?”, - deyə Yunus bildirib.
Digər şahid – naməlum şəkildə şahidlər arasına düşən Təhmasib Novruzov bildirib ki, Leyla və Arif Yunusun xəyanəti haqqında mətbuatdan öyrənib və o, “buna inanır”.
“İstintaqın bütün dəlilləri bundan ibarətdir”, - deyə Leyla Yunus qeyd edib.\\\Hakimlər müşavirədən qayıdandan sonra isə dövlət ittihamçısı bu barədə məhkəmə heyətinə məlumat verərək L.Yunus tərəfindən təhqir olunduğunu, onun ictimaiyyəti və mətbuatı aldatdığını bildirdi, dediklərinin əsassız olduğunu, ona qarşı heç bir zorakılıq olmadığını söylədi: "Məhkəmə zalında kameralar var. Zorakılıq olsaydı, hamı görərdi, kameraya da düşərdi. Onun dediklərinin heç bir əsası yoxdur".
Vəkil Ramiz Məmmədov cinayət işi üzrə bir neçə maddəyə xitam verilməsini, müdafiə etdiyi şəxslərə maliyyə ayıran, onlarla əlaqəsi olan xarici fondların nümayəndələrinin prosesə dəvət olunmasını, alınan qrantlar hesabına Arif Yunusun çap etdirdiyi kitabların sübut kimi cinayət işinə daxil edilməsi istəyib. Vəsatətin kitabların cinayət işinə daxil edilməsi hissəsi təmin edilib.
Bundan sonra məhkəmə sənədlərinin təhlili başlayıb. Sənədlərə bank əməliyyatları, Arif Yunusun Çexiyada ev alması ilə bağlı apardığı danışıqlar, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı müsadirə olunan sənədlər və s. daxildir.
Sənədlərin təhlili yekunlaşdıqdan sonra söz istəyən Leyla Yunus bildirib ki, 1996-cı ildə qeydiyyata alınmış Ön Qafqaz Qadınlarının Cəmiyyətinin faktiki sədri olub: “Cəmiyyətə faktiki olaraq, mən rəhbərlik etmişəm. Qurumun hüququ sədri Rəna Səfərəliyeva idi. Amma o, cəmiyyətin fəaliyyətində iştirak etmirdi, tamamilə uzaqlaşmışdı. Bu cəmiyyət çətir rolunu oynayırdı. Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi və Minalardan Müdafiə Təşkilatı buraya daxil idi. Biz daha sonra həmin təşkilatların qeydiyyata alınması üçün müraciət etmişdik. Cəmiyyət dövlət qeydiyyatından keçdiyi üçün bütün qrantlar cəmiyyətin hesabına köçürülürdü. Cəmiyyətin sədr müavini kimi pulları almaq hüququ mənə verilmişdi. Heç bir sənəd saxtalaşdırılmayıb və vergidən yayınma faktı olmayıb”.
Bugünkü prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olundu. Proses avqustun 6-da davam etdiriləcək. Sabahkı prosesdə prokuror L.Yunusa iş istəyəcək.
Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.


Şərhlər