Bakı Beynəlxalq Dəniz Ticarət Limanında kütləvi ixtisarlar başlayıb. Bu barədə "Azadlıq"a qurumdakı mənbələr məlumat verib. Məlumatda deyilir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yeni baş direktoru Taleh Ziyadov bu vəzifəyə təyinatından bir müddət sonra kollektivin sayını azaltmağa başlayıb. Məlumatda deyilir ki, işçilərin sayı 700 nəfərdən 250-300 nəfər endirilib.
Maraqlıdır ki, Taleh Ziyadovun çıxardığı işçilər əsasən hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir. Məlumata görə, Taleh Ziyadov ilk olaraq işçilər arasında böyük nüfuza malik, həmkarların sədri Şahin Orucovu işdən çıxarıb. “Daha sonra yük rayonu rəisi Xaləddin müəllim, baş mühasib Ilham müəllim, kadrlar idarəsinin rəisi Əlimədət müəllim, 1-ci ”otdel"in rəisi İsmayıl Quliyev işdən çıxarılıb. Qeyd edim ki, Əlimədət müəllim deputat Novruz Aslanın qardaşıdır",-deyə mənbə bildirib.
Qaynağımız əlavə edib ki, Taleh Ziyadovun ixtisarları nəticəsində mühafizə xidmətinin Rza adlı qrup rəisi dünaysını dəyişib. O, işdən çıxarıldığına görə infarkt keçirərək vəfat edib.
Məlumatda deyilir ki, Taleh Ziyadovun ixtisarları qurumda gərginliyə səbəb olub.
Xatırladaq ki, Taleh Ziyadov ötən ilin noyabrında Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baş direktor təyin olunub. O, Elçin Mirzəyevi əvəz edib.
Qeyd edək ki, vəzifəyə təyinat alana qədər Taleh Ziyadov Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi və professoru olub. O, ABŞ-da, Vaşinqton dairəsində yerləşən Corctaun Universitetinin Diplomatik Xidmət məktəbində magistr təhsili alıb. Hazırda isə Kembric Universiteti (Böyük Britaniya) doktorluq dərəcəsi üzrə təhsil alır.
O bir sıra elmi araşdırmaların müəllifidir. Araşdırmalar əsasən Xəzər regionunun və onun ətrafında yerləşən zəngin təbii sərvətlərə malik ölkələrdə nəqliyyat, logistika və energetika məsələlərini əhatə edir.
Onun “Analysis of Current Events”, “Central Asia-Caucasus Institute Analyst”, “Eurasia Daily Monitor”, “Turkish Policy Quarterly”, “International Negotiation Journal”, və “the Moscow Times” kimi nüfuzlu qəzet və jurnallarda araşdırmaları dərc olunub. O, Johns Hopkins Universiteti tərəfindən 2007-ci ildə dərc edilən Yeni İpək yolu: Böyük Mərkəzi Asiyada Nəqliyyat və Ticarət kitabında Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rolu barədə fəsli yazıb.
T.Ziyadov daha əvvəl ABŞ-da, Kolumbiya dairəsinin Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini vəzifəsində və ADA-da akademiki məsələlər üzrə dekanın köməkçisi vəzifəsində çalışıb.
Vaqif
AzPolitika.info

Şərhlər