PKK-nı himayə edən TÜRK düşmənləri...

Nureddin IsmayilNurəddin İsmayıl

Türkiyənin PKK və İŞİD-ə qarşı başlatdığı geniş miqyaslı hücumlar bu terror təşkilatlarının hamisi olan, onları silah-sursatla, maliyyə vəsaiti, kəşfiyyat xarakterli məlumatlarla təmin edən bir sıra dövlətlərin canına üşütmə salıb. Üzü Avropadan tutmuş Kreml sarayına qədər diplomatlar, siyasilər, siyasi demoqoqlar dağlardan PKK-nın, sərhədlərdən İŞİD-in Türkiyəyə tuşladığı silahların susdurulmasından çox narahat olublar.

Barışmaq istəmirlər və bütün ciddi-cəhdlə, diplomatik səylərdən tutmuş ta təhdid edici bəyanatlara qədər hər cür vasitələri işə salaraq Türkiyəni qanlı terrora mübarizədən yayındırmaq, qos-qoca bir dövləti iç savaşa çəkərək varlığını sarsıtmaq istəyirlər. Unudurlar ki, türk ulusunun şanlı tarixini özündə yaşadan, şəhidlərinin al qanına boyanmış vətən səmalarında ay-ulduzlu zəfər bayrağını ucalara qaldıran, xaç yürüşlərinin, imperialist dövlətlərin yırtıcı hücumlarının qarşısında tab gətirən Türkiyə sıradan bir dövlət deyil və ən çətin anlarda nəyə qadir olduğunu sübut etməyi bacarır.

Terror adı qədər qorxunc, vahimə, kütləvi psixoz yaradan bir bəladır və Türkiyə qırx ildən artıqdır ki, PKK adlı örgütün qırx mindən çox can aldığı terror bəlasına qarşı mücadilə aparır. Heç bir dövlət bu qədər uzun sürədə, onu iç savaşa çəkən, dövlət nizamını pozan, siyasi gücünü tükədən, iqtyisadi qüdrətini zəiflədən, on minlərlə insanı məzara gömüldən terrorun ağır yükünə tab gətirib ayaqda qala bilməzdi.

Fəqət Türkiyədir ki, arxasında böyük güclərin dayandığı, dəstək aldığı, millət, din tanımayan, körpəyə, qocaya rəhm etməyən, qorxu, vahimə, xaos yaratmaqla iyrənc məqsədinə çatmaq istəyən əli qanlı terror örgütünə sinə gərib dövlətinə, ulusuna sahib çıxmağı bacarıb. Türkiyəni, türkləri zəif sananlar yanılırlar. Nə terror, nə Avropanın Türkiyəni parçalamaq, unitarlığını dağıtmaq cəhdləri altı yüz illik dövlət təcrübəsi, min illərə söykənən döyüş qüdrəti olan türk ulusunu sarsıda bilməz.

Amma maraqlıdır, sözdə, bəyanatlarda terrorun əleyhinə olduğunu dilə gətirən, terrorla mübarizədə beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini irəli sürən Avropa nədən aşkar ya gizli şəkildə PKK-nın hamisi rolunda şıxış edir? Niyə Almaniya emissarlarını göndərərək Türkiyədən başlatdığı hücumları durdurmaq tələbində bulunurlar. Terrorla mübarizəni əsas prioritetlərinə daxil edən Avropa Birliyi nədənsə PKK-ya qarşı mübarizədə türkiyə ilə həmrəylik etmək istəmir.

PKK və İŞİD-in dünya üçün bir təhlükə mənbəyi olduğunu, öz soydaşları da daxil olmaqla on minlərlə insanın onların qanlı əməllərinin qurbanına çevriliyini bilə-bilə Avropa yetkililərinin Türkiyə dövlətinin deyil, terrorçu militanların yanında yer almasını anlamaq həqiqətən zordur. Terrorist Saakyanı İngiltərə Kral institutunda heyranlıqla dinləyənlər, terrorist Sarkisyanı Vaşinktonda gül-dəstə ilə qarşılayanlar öz vərdişlərinə uyğun indi də PKK-nin qoruyucusu sifətində çıxış edirlər.

Kürd xalqının hüquqlarının qorunması adı altında PKK-nın müdafiəsinə qalxanlar bir həqiqəti unutmamalıdır ki, Türkiyə bölgə dövlətləri içində kürdlərin özgür haqlarının tanındığı yeganə dövlətdir. Yetmiş milyon əhalisinin yarıdan çoxunun türklərdən oluşduğu İranda Azərbaycan türklərinin milli haqlarına qoyulan məhdudiyyətlərlə Türkiyədə kürdlərə verilən haqlar arasında paralellər aparsaq kürdlərin Türkiyədə diskriminasiyaya məruz qalması haqda deyilənlərin cəfəngiyyatdan başqa bir şey olmadığını görərik.

Bu arada Rusiya baş naziri D.Medvedevin Türkiyənin Şimali İraqda yerləşən PKK yuvalarını bombalaması faktını beynəlxalq hüquqa zidd kimi dəyərləndirməsi də diqqətdən yayınmamalıdır. PKK-nın yaradıcısı olan bir ölkənin baş nazirinin dilindən bu cür fikirlərin səslənməsi bir az da gülməli görünür.

Ərazisində yaşayan xalqları bir-birinə qırdıran, Çeçenistanda dövlət terroru edən, müstəqil ölkələr olan Gürcüstan və Ukraynaın ərazilərini işğal edən, Moldovanın ərazisində rus “dövləti” yaradan, 20 yanvar da hər maşınını işə salraq yüzlərlə insanı tanklar altında əzən, on illərlə Əfqanıstanı qan gölündə boğduran bir dövlətin nə haqqı var ki, olmayan yerdən beynəlxalq hüququn pozulmasından söz açsın.

Medvedevin fikrincə PKK ya kənardan, ya içdən Türkiyəni hədə-qorxu altında saxlamalı, dağdan yenib İstambulda partlayış törətməli, dinc insanları girov götürüb ölüm yuvası Qəndilə daşımalı, böyük dövlətlərlə əlbir olub bu dövlətin mövcudluğuna son qoymaq planları tərtibləməli və Türkiyə də vətəndaşlarını vahim içində saxlayan, dövlətini təhdid edən terrora qarşı susqunluq göstrəməlidir.

PKK-nı müdafiəsi, Türkiyənin zəiflədilməsi Rusiyanın rəsmi siyasətinin tərkib hissəsi olmasaydı bu dövlətin rəsmilərinin dilindən zaman zaman Türkiyəyə qarşı həqarətlər, qondarma erməni soyqırımını tanıma faktları ortaya çıxmazdı. Sankt-Peterburq qanunverici məclisinin üzvü V.Mironovun Ankarada keçirilən Krım tatarlarının ikinci qurultayında konfrans nümayəndələrini bomj adlandırması, Türkiyə prezidentini təhqir edən ifadələr işlətməsi bu dövlətin antitürk mövqeyindən və PKK-nın əli ilə Türkiyədə hər cür qarışıqlıq yaratmasında maraqlı olduğundan xəbər verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar