Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri Ermənistan Silahlı Qüvvələrinə məxsus iki "Krunk-25" taktiki pilotsuz uçuş aparatını məhv edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, pilotsuz aparatlar cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd edərkən vurulub.
Qeyd edək ki, "Krunk-25" pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə edilir.
Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60kq, uzunluğu 3.8 metr, qanadların açılma uzunluğu 5 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti 150 km/saatdır.
----
Cəbhə xəttində atəşkəs rejiminin pozulması nəticəsində Ermənistan ordusunda müqavilə üzrə xidmət edən hərbçi yaralanıb.Virtualaz.org saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Lori vilayətinin Kurtan kəndinin icma rəhbəri Mqer Gevorkyan məlumat verib.
M.Gevorkyan yerli mətbuata açıqlamasında deyib ki, Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində yaralanan hərbi qulluqçu onun 38 yaşlı həmkəndlisi Samvel Xarazyandır. O, ayağından güllə yarası alıb və həyatına təhlükə yoxdur. İnsident avqustun 5-də olub.
Xatırladaq ki, bundan əvvəl düşmənin 4 pilotsuz uçan aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.








Şərhlər