“Metkartinq” istirahət və əyləncə mərkəzinin sahiblərindən olan Şahin Hüseynlinin oğlu 5 il 8 ay müddətinə azadlıqdan məhrum olunub. Şahin Hüseynlinin oğlu bir müddət əvvəl Bakının mərkəzində, “Alov qüllələri”nin yaxınlığında “Yaguar” markalı bahalı maşın yüksək sürətlə divara çırpılıb. Nəticədə bir nəfər ölüb. Qəza zamanı nəqliyyat vasitəsinin sükanı arxasında Bakının məşhur məkanlarından olan “Metkartinq” istirahət və əyləncə mərkəzinin sahiblərindən olan Şahin Hüseynlinin oğlu Kənan Hüseynli olub. Nəqliyyat vasitəsinin Ş.Hüseynliyə məxsus olması, qəza zamanı isə oğlunun idarə etdiyi bildirilir. Qəza zamanı dünyasını dəyişən isə K.Hüseynlinin dostu olub. Olaydan sonra Ş.Hüseynli oğlunu qurtarmaq üçün bir çox ünvanlara baş vursa da, alınmayıb. K.Hüseynli həbs edilib və 5 il 8 ay müddətinə azadlıqdan məhrum olunub. K.Hüseynli hazırda məhkumluq həyatı yaşayır.
Ş.Hüseynli özü gündəmə 2012-ci ilin yanvar ayının 2-də Bakının məşhur “Neolit” restoranında qanlı insident törətməklə gəlib. Vaxtilə özünə məxsus olan restoranda ona irad bildirilməsi Ş.Hüseynlini qəzəbləndirib. O dövrdə olayla bağlı Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun yaydığı məlumatda deyilirdi ki, Şahin Hüseynli sərxoş vəziyyətdə əylənmək üçün “Neolit” restoranına gəlib. Lakin o, özünə məxsus “Yaguar” markalı avtomobili restoranın qarşısında düzgün saxlamayıb. Nəticədə restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Restoranın əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə, o, bundan daha da əsəbiləşib. Və avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb.
Bu zaman “Neolit”də istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk edib, foyedə olmuş Fəxrəddin Nağıyev isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Dərhal hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsinin əməkdaşları Şahin Hüseynlini zərərsizləşdirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib. Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.

Strateq.az onu da bildirir ki, Ş.Hüseynlinin qardaşı Qabil Hüseynli sabiq baş prokuror Eldar Həsənovun qızının həyat yoldaşıdır. Hüseynlinin atası isə məşhur iş adamı, "Bakı-Şərab-2" ASC-nin rəhbəri Rabil Hüseynlidir...

Şərhlər