Cəzasızlıq daha ağır cinayətə yol açır!

Nureddin-Ismayil-238x300112Nurəddin ismayıl

Jurnalistlərin mətbuat günü ilə bağlı mükafatlandırılmasından çox keçməmiş xain əl, çahil fanatizm jurnalist həmkarımızı ölümlə mükafatlandırdı. Fikrimizcə dövlət başçısının sıradan bir hadisə olmayan bu qətl hadisəsini şəxsi nəzarətinə götürməsi jurnalistlərin hüquqlarının qorunmasına yönəlik bariz nümunə olar.

Öldürənin kim olmasını dilə gətirməkdənsə, o murdar ünvanı unutdurmaq, yaddaşlardan sildirmək, bəlkə də, daha məqbuldur. İnanaq ki, rəsmilərin, hüquq-mühafizə orqanlarının ölüm faktının araşdırılması, xəyanətdə əli olan şəxslərin cəzalandırılması ilə bağlı verdiyi bəyanatlar gerçəkdən bu cinayətin açılmasına olan ictimai şübhələrə yer qoymayacaq.

Amma niyə və nədən belə olmalı, nədən peşə borcunu vicdanla, ləyaqətlə yerinə yetirən jurnalist günün günorta çağı hansısa bir namərd tərəfindən qətlə yetrilməlidir?

Kimdir yalançı qohumluq təəssübü daşıyanlara, hər təşkilatda, hər şirkətdə ağıldan kəm, qoldan qüvvətli qoçular bəsləyib xalqın üstünə saldıranlara, idmançı adı altında hər idarədə silahlı dəstələr saxlayanlara meydan verən ki, onlar da cəzasızlıq mühitinə arxayın düşüb istədiklərini döydürsün, xoşları gəlməyəni qətlə yetirsinlər.

Belə götürəndə, Rasim digər həmkarlarından fərqli olaraq siyasi proselərə aktiv müdaxilə etməyən, iqtisadi cinayətlərin araşdırılmasında, məmur özbaşımnalığının qabardılmasında, tüğyan edən rüşvət və korrupsiya faktlarının açılmasında az payı olan, yalnız formalaşdığı sahələr üzrə həqiqəti dilə gətirən bir jurnalist idi. Sosial şəbəkələrdə yazdığı statusa, bir futbol komandası və ya oyunçu haqda işlətdiyi ifadəyə görə, jurnalist ölüm hədəfinə çevrilirsə vay, vəzifəsindən sui-istifdə edib milli sərvəti dağıdan məmurlar haqda həqiqətləri dilə gətirən jurnalistlərin halına.

Seçki ərəfəsində, ölkəmizin adının beynəlxalq hesabatlarda, rəsmi dövlət dinləmələrində insan hüquq və azadlıqlarının pozulduğu ölkələr sırasınna daxil olunduğu bir vaxtda belə bir vəhşi cinayətin törədilməsi beynəlxalq qınaqların təsdiqinə yer açır və istər-istəməz dövlətin xarici aləmdəki nüfuzunu zədələyir. Dünya bu rəzalətə nə ad versin, vətəndaş sıramızdan bir ləyaqətli insanın qanmazlığın qurbanı olub, nakam məzara gömülməsini necə həzm etsin?!

Gözünü qan tutmuşlara, əli qana bulaşmışlara insan ölümü bu qədər ucuz oldu ki, gözlərini qırpmadan, bir gəncin qəsdinə yönəlmiş, bir ailəni yasa qərq etmiş, bir milləti utanc buraxmış bu qanlı cinayətə əl qoydular?! Jurnalistlərə, azad mətbuata qarşı basqılar omasaydı, onlar siyasi motivlərlə həbslərə atılmasaydılar, ayrı-ayrı oliqarx məmurların qoçuları tərəfindən döyülüb, söyülüb, təhqir edilməsydilər bəlkə də bu hadisəni fərdi cinayət kimi dəyərləndirmək olardı. Lakin görünənlər başqa mətləblərdən xəbər verir.

Nazirlər, komitə sədrləri, icra başçıları, adi məmurlar bəd əməllərinin aşkarlanmaması üçün hərəsi yanında bir qocu dəstəsi bələyir. Dərəbəylik, özbaşınalıq bu cinayətlərə stimul verən hallardır. Deyilməsinə, cari tədbirlər görülməsinə baxmayaraq məmur özbaşınalığı, onların övladlarının qudrğanlığı, status əldə edən idmançıların qoçuluğu qarşısı alınmaz bir bəlaya çevrilib. Belə çıxır ki, bu ölkədə kim nə istəyirsə, ağlı nə kəsirsə onu da etməli, titulundan, vəzifəsindən, statusundan, xidmətinə görə verilən imtiyazdan sui-istifadə edib hər kəsi döyməkdən tumuş öldürməyə qədər cinayət əməli törətməyə haqq etməlidir. Və düzü-düz, əyrini-yri kimi cəmiyyətə təqdim edən jurnalist də peşəsinin qurbanına çevrilməlidir.

Cəzasızlıq növbəti və daha ağır cinayətə yol açır. Qudurğanlar, qanunu, əxlaq normalarını görməzdən gələnlər etdikləri cinayətin layiqli cəzasını almadıqca ayaqları yer alır. Onlar nəinki adi vətəndaşı, peşə borcunu yerinəı yetirən jurnalisti, hətta ona etdiyi cinayətə görə iş açan hakimi də öldürməkdən çəkinmirlər. Demək problemin kökü təkcə jurnalistlərə yönəlmiş təhdidlə bağlı deyil. Ədalət ölçüsü itirsə, şəxsi iradə qanundan yüksəkdə durursa, insanlığa, insan haqlarına məhəl qoyulmursa, normalar işləmirsə, demokratiya binasının təməl daşı olan hüquq kərpicləri yerindən laxladılırsa, demək təkcə jurnalistlər deyil, toplum özü onu icdən dağıdan təhdid altına düşür. Allah özü bizləri bağışlasıın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar