Ölüm sizi hərləməsin, durub, nədən gəldi yazmayın!!!

Nureddin-Ismayil-238x300112Nurəddin İsmayıl

Qardaşlarım, istəyirsiniz başınız salamat olsun, rüşvətdən, korrupsiyadan yazmayın. Yazanda da M.Fizulinin “Şikayətnamə”sində ”rüşvət verdim salam deyil deyə, almadılar” qaydasınca yazın ki, bəlalara tuş gəlməyəsiniz. Yoxdur bizdə belə bir şey. Onun adna hörmət deyərlər bizdə. Adam hörmət edib, hörmət görüb qarşılığında.

Yaltaqlıqdan, məddahlıqdan yazmayın. Onsuz da bazarı ölüb, piştaxtası boş qalıb bu peşənin. Sənə xoş gəlmir deyə, qınamayın yaltaqları, məddahları. Boy oxşamaq, məhəbbbətini izhar etmək nə vaxtdan eyib sayılıb, sevənlərə. Şairdi, vəcdə gəldi, qafiyə açdı. Dinc buraxın şairləri, əfəndilər.

Yoldan, yolağadan, yol yeyintisindən, yol dağıntısından yazmayın. Yol yolçular üçündür. Biz zatən yolçu deyilik, yol kəsənik. Dünya dağılmaz ki, nəqliyyat naziri büdcədən yol tikintisinə ayrılan vəsaitin bir-iki milyardını qatlayıb cibinə qoyanda. Sən yola var, mənzil başına çatmaq səni üzməsin.

Gömrük süründürməçiliyindən, vergi soyqunluğundan yazmayın. Biz örkən, onlar doğanaq. Örkən nə qədər uzun olsa doğanaqdan keçər. Başınızı bəlaya soxmyın. Onların işi adi vətəndaşdan tutmuş iş adamına qədər hər kəsi doğanaqdan keçirib, boğanağa salmaqdır. Qoy dağıtsınlar, yesinlər, pulu da çin-çin çinləsinlər. Saysız, hesabsız, boy sırasına düzüləndə düşmənə göz dağı olan generaliteti bəs deyilmi fəxr eməyə.

Kredit verən banklardan, milyonlarla krediti mənimsəyib aradan çıxan oliqarxlardan yazmayın. Adam qaz vurub qazan doldurmaq, bir günün içində milyonçu olmaq, olub da soydaşlarına həqarətlə baxmaq yolunu tutub. Ehtiyacı var, kefə, əyləncəyə, komfort həyata, ipə-sapa yatmaz övladına Avropada kef çəkdirməyə. Bəlkə siz onları xeyriyyəçi, vətənsevər, maarifpərvər Hacı Zeynalabdin obrazında görmək istəyirdiniz. Yanılırsınız əfəndilər, onlar vətən hissindən, milli düçüncədən uzaq, para düşgünləri.

İcra başçılarından, icra məmurlarından, funksiyasını itirmiş bələdiyyələrdən yazmayın. Onların işi saxta sərəncamlar imzalayıb, ərazisində yaşıllıq, istirahət guşələri adına nə qədər yer varsa hamısını hərraca çıxarmaq, kiçik dükanlardan tutmuş böyük marketlərə qədər hamısının açılışına hesablar qoymaqdan ibarətdir ki, bunlar da hər kəsə bəlli. Adam qardaş Türkiyədəki vali, bələdiyyə deyil ki, xalqın qarşısında hesabatlı olsunlar, yaşıllığı dağıdıb, yerində restoran tiktirməyin təpkisindən ehtiyatlansın.

Səhiyyədən, səhiyyədəki yaramazlıqlardan, baxımsızlıqdan, laqeydlikdən yaranan xəstə olümlərindən yazmayın. Çün bu hərflər yazılanları qərəzə yozurlar. Ən yüksək təminat, ən yüksək tibbi texnologiya ilə təchiz edilmə də bu dərman alverçilərinin insan sağlamlığına qarşı yönəlmiş davranışarını durdura bilmir. Adamın maaşı azdır deyə, xəstə cibinə göz dikməyini başa düşdük. Bəs ölüm ayağında olanların çağrışana adekvat reaksiya verilməməsini, sahibi gəlməyincə qəzaya uğramışı əməliyyata qəbul edilməməsini necə başa düşmək olar? İndi yazar arkadaşlardan soruşuram, Hippoktrat andını pozanlardan, müqəddəs həkim peşəsini hörmətdən salanlardan yazıb da günün biri mərhum jurnalist həmkarımız Rasimin ölüm qabağı rastaşdığı həkim biganəliyi ilə üz-üzə qalmaqdan ehtiyat etmirsinizmi?

Ali tədris ocaqlarından, orta məktəblərdə yaşanan rəzalətlərdən yazmayın. Qanundan, onu vəzifəyə təyin edənin etimadını itirməkdən qorxmayan, hər tələbədən vahid pəncərə qaydasınca rüşvət tələb edən müəllimlərdən, onları bu işə sövq edən kafedra müdirləri, dekanlar, rektorlardan yazmağın nə faydası var ki, yazdıqca məzəndəni daha da qaldırır, ciddi nəzarət var deyə, ikiqat soyqunçuluq edirlər. Məktəb direktorları müəllimi divara dirəyib şagirdlərdən, süpürgə, jurnal üçün pul tələb edirsə, gələn müfəttişi qarşılamaq üçün para toplayırsa və mənəvi-əxlaqı dəyərlərimizin pozulmasına xidmət edən bu hərəkətlərin daşıyıcısı bizi öyrədən müəllimlərdirsə, nə yazasan, nə deyəsən müəllimlərə.

Amma, arkadaşlar, yazmayın deməyimə heç də bənd olmayın. Bizim işimiz naqislikləri yazmaq, düzü-düz, əyrini-əyri əks etdirməkdir. Yazaq ki, əyrilər düzəlsin, naqisliklər azalsın. Yazaq ki, bu qos-qoca yurd, bu gözəl Vətən bizim. Daşı-torpağı düşmən əsarətində qalan, dağı meşəsi yad nəfəsdən darılan, məzarlarını ziyarətə gedə bilmədiyimiz, yolları cığırları üzümüzə bağlı qalan, bizi təpərə, qeyrətə sələləyib, haray çəkən Vətən bizim. Yazaq ki, özü boyda dərd içində inləyən vətəndə müəllim öz görəvini vətəni yadellilərin əsarətindən xilas etməyə hazır olan övladlar tərbiyə etməkdə, onlara layiqli təhsil verməkdə görsün.

Yazaq ki, ey əbləhlər, rüşvət və korrupsiya xəstəliyinə tutulanlar, əl götürün əyri işlərdən. Zindanı var, Allah və qanun qarşısında cəzası var bu yaramazlıqların. Övladlarınıza fəqir-füqəranın ahından qalaqlanmış sərvət deyil, onlara baş ucalığı gətirən sağlam miras qoyun bu dünyada.

Yazaq ki, cənab icra başçıları, sizə toplumun bir hissəsini idarə etmək üçün etmad göstərilib. Sizə deməyiblər ki, şikayətləri qulaq ardına vurun, nə istəyirsiniz, onu da edin. Deyək ki, ölkə prezidentini görəndə bəd əməllərinizi sığortalayan müti bir vəziyyət alıb, xalqla ünsiyyətdə şiri-nərə dönməyinizin anlamı nə? Türklər demişkən, siz kimi qandırırsınız?

Ölüm makinasına çevrilən səhyyəyə də, ölü canlar yetirən tədris ocaqlarına da sözümüzü deyək. Yazaq ki, vətəndaşlarımızın fiziki, mənəvi sağlamlığı sizin əlinizdədir. Anormal deyil, sağlam nəslin yetişdiricisi olun.

Amma dostlar qərəzsiz, obyektiv, şəxsiyyətə hörmətlə, insan şərəf və ləyaqətinə toxunmadan, sadəcə, düzü-düz, əyrini-əyri yazaq ki, deməsinlər qərəzdəndəndir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar