“Mehman Əliyevlə danışan şəxs Ukrayna vətəndaşıdır, heç bir beynəlxalq qurumda işləmir”
Avropa strukturları ilə “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev arasında gedən “inqilab danışıqları”nın təşəbbüskarı Xaqani Hüseynli “Yeni Müsavat”a açıqlamasında deyir ki, telefon danışığını yazan və yayanı Azərbaycanda axtarmaq gərəkdir: “Uzun illərdir beynəlxalq təşkilatlarla işbirliyim var. İndi də Ukrayna təşkilatları ilə birgə bir neçə ölkənin ictimai təşkilatların inkişafı ilə bağlı araşdırmalar aparmaq planları üzərində işləyirik. Mehman Əliyevi uzun illərdir tanıyıram. Buna görə də Azərbaycandakı durumla bağlı onun rəhbərlik etdiyi “Turan”ın ən yaxşı tərəfdaş olacağını düşündüm. Mehman Əliyevlə əlaqə saxladıq, danışdıq. Ancaq ortada heç anlaşma səviyyəsində də heç nə yoxdur”.
X.Hüseynov bildirib ki, o, ümumiyyətlə bu məsələdə qanunsuz, şişirdiləcək hansı məqamın olduğunu başa düşmür: “Biz illərdir beynəlxalq səviyyədə araşdırma ilə məşğul olan insanlarıq. Mənim heç dəqiq yadımda deyil, o danışıqda hansı təşkilatların adı çəkilir. Biz sadəcə bir ideya, bir layihə yaratmaq ətrafında müzakirə aparmışıq. Ola bilər, orada ATƏT-in də adı çəkilib, Avropa Şurasının da, digərlərinin də. Mehman Əliyevlə danışan şəxs Ukrayna vətəndaşıdır, heç bir beynəlxalq qurumda işləmir. Həmin şəxs ictimai fəaldır. Biz telefonda Mehman Əliyevə görmək istədiyimiz işlə bağlı informasiya vermişik, o da dinləyib. Bu səs yazısının yayılması həm mənim Ukraynadakı aktivliyim, həm də Mehman Əliyevin Azərbaycandakı siyasi fəaliyyəti ilə bağlı ola bilər. Bu səs yazısını yazan qüvvələr isə heç şübhəsiz Azərbaycandadır. Ukraynada nə Mehman Əliyevin telefon danışığını yazmaqda, sonra da onu yaymaqda maraqlı olan şəxs, təşkilat, qüvvə yoxdur. Bunu edəni Azərbaycanda axtarmaq lazımdır”.

Şərhlər