Azərbaycan Turizm İnstitutunun tələbəsi adından AzPolitika.info-nun elektron poçtuna daxil olan şikayət məktubunun dünən dərc olunmasından sonra redaksiyaya telefon açaraq söyüş söyən “hüquqşünas Aydın Kərimovun” kimliyini müəyyənləşdirmişik.

Xatırladaq ki, şikayət məktubunun dərc olunmasından az sonra redaksiyaya zəng edərək (Bu nömrədən: 050-350-95-33) özünü Turizm İnstitutunun hüquqşünası Aydın Kərimov kimi təqdim edən şəxs yazılanların “70 faizinin” yalan olduğunu bildirərək, məhkəməyə verəcəklərini deyib və ardınca söyüş söyərək əlaqəni kəsib.

Əməkdaşımız dəqiqləşdirib ki, özünü küçə adamı səviyyəsində aparan bu şəxs AXC hakimiyyəti zamanında ədliyyə nazirinin müavini olmuş məşhur (Hər halda ictimai-siyasi dairələrdə yaxşı tanınan) hüquqşünas Aydın Kərimovdan bir başqası deyil. Son illər QHT-lərə Dövlət Dəstəyi Şurasında fəaliyyət göstərən (“Qrandpaylayan” və yaxud “qrandyeyən” qismində) A.Kərimovun bir neçə ali məktəbə vəkillik eləməkliyi də var imiş.

Elementar mədəniyyəti və danışıq qabiliyyəti olmayan bu tərbiyəsiz insanın vaxtilə nazir müavini olmasına, hazırda isə bir ali təhsil ocağına vəkillik edə bilməsinə görə, təəsüflənməmək (ölkə adına) mümkün deyil.

Ümid etdiyimizi bildiririk ki, Turizm İnstitutunun rəhbərliyi adi bir vəziyyətdə küçə jarqonunu işə salan belə şəxsin “hüquqi” xidmətlərindən istifadənin məqsədəuyğunluğu haqda bir daha düşünəcək.

AzPolitika.info