Alma, almaya bənzər

Burası Rusiya - absurdun meydan suladığı «gözəllik diyarı». Buranın insanları da Azərbaycanda olduğu kimi «absurda bir noi, adətkərdə olublar» - ətraf dağılıb getsə də əhali araqdan içib, «uraaa!» qışqırıb, əl çalır...

Bir çox mətləblər üzrə oxşarlığımız var. Amma dağıdıb məhv etmək işində elə bil, lap bir almayıq, ikiyə bölünmüşük! Məsələn, Azərbaycanda (Bakı şəhərində) bir icra başçısı var - Abutalıbov. Deyilənə görə, fizika pirəfesdiridi. Amma davranışı, fəaliyyəti, yumşaq desək, bu «titul»un üstünə kölgə salır. Necə?

Bu kişi bir yandan «öz şəhərində» hər il «gül bayramı» keçirir - milyonlarla dövlət pulunu havaya... bağışlayın, xərcləyib, dünyanın ən uzaq ölkələrindən on milyonlarla ədəd «ekzotik gül» gətizdirir, camaata nümayiş etdirir və sonra da hara isə «yola salır».

Digər tərəfdən, Bakının babat yerlərində «qanunsuz tikilmiş», amma artıq tikilmiş bahalı (milyonlarla manat dəyəri olan) gözəl-göyçək binaları (villaları) xüsusi amansızlıqla uçurub, yerlə yeksan edir!

Bütün bunlar elə bir vaxta təsadüf edir ki, Azərbaycanın 1 milyona qədər qaçqını, məcburi köçkünü evsiz-eşiksiz güzəran sürür, aclıq keçirir - dövlət isə onlara ayda cəmisi 18,0 manat «çörəkpulu» verir. Daha çörəklə yavanlıq etmək üçün bu bədbəxtlərə nəinki ət-süd, heç soğan və şor verən də yoxdur!

İndi Azərbaycanda hər kəs özünü daldaya verib, pıçıldayır: Ay Allah, bu güllərə xərclənən pulu yavanlıq-ərzaqa verib, illərlə aclıq çəkməkdən mədəsi sallanmış bu zavallı qaçqınlara paylasalar, olmazmı?! Yerlə yeksan edilən həmin yaraşıqlı tikililəri (villaları) müsadirə edib, müvəqqəti yaşamaq üçün illərdir, «küçələrdə yatan» həmin bədbəxt insanların istifadəsinə versələr, kim ölərdi, kimin dünyası dağılardı?!

Nə yazıq ki, heç kim hündürdən danışmaq istəmir - qorxur. İndi bu ölkədə hamı hamıdan və hər kəslə danışmaqdan QORXUR!

Rusiyada da təxminən, eyni «düzən» hökm sürür. Hökumət Qərb ölkələri ilə söz savaşına baş vurub - daha iqtisadiyyat, sosial həyat, insanların taleyi, vətəndaşların güzəranını yaddan çıxıb, gedib işinə...

Rusiya hər dəfə qonşularına diş qıcadıqca, Qərb ölkələri (Avropa İttifaqı, ABŞ və s.) bu ölkənin vacib «nəfəslik»lərini yavaş-yavaş bağlayır, digər tədbirlərlə yanaşı, ona qarşı ərzaq embarqosu tətbiq edir. Nəticədə, dünkalar-bazarlar yavaş-yavaş boşalır, bankların sərvəti əriyir, iş yerləri bağlanır, işsizlərin sayı sürətlə azalır... ölkədə yoxsulların-acların sayı da bununla sinxron olaraq artır! Amma ruslar özləri demiş, «çinovnikam do lampoçki»!

Əhalinin qayğısına qalmaq əvəzinə Rusiya hökuməti Qərbin sanksiyalarına qarşı «kontrsanksiya» elan edir - guya ki, bu ölkənin xaricə satmaq üçün artıq ərzaqı-mərzaqı varmış! Qərb ölkələri sanksiyaları sərtləşdirdikcə, Rusiya da onu yamsılayır - siyahını genişləndirir. Amma yaddan çıxarırlar ki, onsuz da Rusiyanın kiməsə satacağı artıq ərzaqı yoxdur axı...

Nə kələkdirsə, Rusiya hökuməti «kontrsanksiya»nı sərtləşdirdikcə, Rusiya bazarında «sanksiyaaltı ərzaq məhsulları»nın həcmi artır. Heç bilən və ya maraqlanan da yoxdur ki, bəs, bu «qanunsuz ərzaqlar» (aman Allah, ərzaqın da qanunsuzu olarmış!) hardan gəlib, ölkə daxilinə necə keçib, kimlər tərəfindən gətirilib və başlıcası, nə üçün gətirilib?! Axı hökumət deyir ki, Rusiya insanına məsələn, Polşa, Avstraliya, Almaniya... ərzağı lazım deyil - özümüzün hər yeməyimiz var. Varmışsa, daha qıraqdan gətirməyin mənası olarmı?..

Məhvetmə prosesinə avqustun 7-dən başlandğı xəbər verilir. Bildirilir ki, indiyə qədər Rusiyanın «Rospotrebnadzor» adlı idarəsi artıq 500 ton bitki mənşəli «sanksiyaaltı» ərzaq məhsullarını MƏHV EDİB!

Yayılan xəbərlərdə deyilir ki, «Rosportebnadzor» dahiləri təkcə «sanksiyaaltı ərzaq»ların deyil, ümumiyyətlə, daxili bazada dövr edən bütün saxta məhsulları məhv etməyi düşünürlər. Ölkənin kənd təsərrüfatı naziri də bu ideyanı bölüşür. Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi Cəmiyyətini sədri isə hesab edir ki, ərzaq məhsulunu məhv etməyin özü qanundankənar olduğu qədər də qeyri-etik bir davranışdır.

Fəqət, başı «siyasət»ə qarışmış Rusiya hakimiyyəti ölkə əhalisinin sosial durumu barədə düşünmək belə, istəmir. Əhalinin sosial durumu isə xeyli fənadır. Son məlumatlara görə, hazırda Rusiyada yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin sayı 20 milyondan artıqdır! Belə bir ölkənin ərzaq məhv etməyə girişməsini sərsəmlikdən başqa daha necə adlandırmaq olar?..

Rusiya KİV-nin cümə günü yaydığı bir xəbər isə adamı lap mat qoyur, istər-istəməz, eşidənin dodaqları qaçır və özünü gülməkdən saxlaya bilmirsən. Xəbərə görə, «Rospotrebnadzor»un Tatarıstan üzrə əməkdaşları Apostova adlı qəsəbədəki «Alsu» mağazasında 3 ədəd dondurulmuş «sanksiyaaltı» qaz cəmdəyi aşkarlayıb və məhv ediblər. Guya ki, qazlar Macarıstan məhsulu olub. İndi daha qazların mənşəyinin necə, nəyin əsasında müəyyən edilməsi heç kimi maraqlandırmaz. Tapıntını əlüstü asfaltdoşəyən aqreqatın ağır təkəri atlına alaraq, əzib torpaqla bir ediblər! Xəbər verilir ki, 3 ailənin bir naharını yola verə biləcək həmin 3 qazın məhetmə əməliyyatında azı, 10 nəfər «nadzor» iştirak edib. Odur ki, qazdan ayıq bu «nadzorlar»a iri bir MALADES düşür...

Bütün bunları saf-çürük etdikcə, istər-istəməz düşünməli olursan - ayə, bu insanların gerçəkdənmi başı tamamilə xarab olub?! Bu gedişlə, başı «ərzaq qətli»nə, «villa qətli»nə qarışmış bu siyasətçilər, «nadzor»lar, icra başçıları qısa müddətdən sonra eyforiyaya qapılıb, ölkənin (Rusiyada və Azərbaycanda) kasıb-kusuz insanlarını da «qanundankənar» (sanksiyaaltı) elən edərək, onların kütləvi məhvinə fərman verəcəklər! Allah burasından saxlasın!

Hələlik isə qulaqlarıma bir fəryad gəlib çatır: Hanı mənim qazım, hanı mənim ərzaqım, hanı mənim evim (villam)?! Vay qazım, vay evim!!!

Mirzə AĞ

AzPolitika.info