ÇƏPƏRLƏYİN!

Nurəddin İSMAYIL

Çəpərləyin, dənizi. Qoymayın yayın qızmarından cızdağı çıxan fəqir-füqəranı girməyə dənizə. Hasarlayın, girişində qolu zorlu, əmrə müntəzir mühafizlər saxlayın, qoy boylana-boylana qalsınlar dənizə. Kasıbın nə həddinə düşüb dərdlə dolu canını salsın mavi Xəzərin qoynuna. Xəzərə azmı ekoloji dərdlər yüklənib? Xəzərin coşqun dalğaları şişman bədənlər, piylənmiş qarınlar, ehtiraslı vücudlar üçündür. Burası, pulu, Məşədi İbadın haqqını əvvəldən ödədiyi bəy hamamı deyil ki, bəylərlə yanaşı hambal da gəlib orada hamamlansın. Adama deyərlər, arığın qoruqda nə işi?

Çəpərləyin, dağları, meşələri, gölləri. Alçaq könüllü insanların, təkəbbürlə zirvəsindən boylandığınız uca dağlarda nə işi? Meşə kef çəkənlər, nəşə çıxaranlar üçündür. Kefinə soğan doğranmışın, günü göy əskiyə bükülmüşün, nəşi ortada qalmışın, quraqlığa öyrənmişin yam-yaşıl meşələrdə nə işi? Deyirlər, açıldı Göygölün, kasıb üzünə bağlanan qapıları. Açılmasaydı nə olacaqdı. Duzlu göldən duz yığıb, duzdan pul çıxaranların zümrüd gözlü Göygöldə nə dərdi. Kasıb, kasıblığının dərdinə qalsa yaxşı.

Çəpərləyin, əl yetməz, quş qonmaz edin, qəsri-qala imarətlərinizi. Həndəvərinə kimsə gəlməyə cəsarət etməsin, saraylarınızın, malikanələrinizin. Gözətçilər, mühafizlər qoyun, kimsə çürət etməsin ayaq basmağa. Kasıbın gözü nəzərli, dili gileyli olar, göz qaytaran at nalı da asdırın darvazalardan. Delfinlər üzdürün hovuzlarınızda, beş kasıbın qarnını doyuracaq ət yedirdin itlərinizə, lələkləri rəngbərəng tovuz quşlarının qanad çalmasından qanadlanın, şuxlanın, beş günlük dünyanın beş qat dadını çıxarın. Kasıbın qeydinə qalmaq sizə qalmayıb ki.

Çəpərləyin, cil vurub, zoğ atdığınız rəyasət kürsüsünə gələn yolları. Vəzifədə qocalmağın ayrı bir ləzzəti var. Verməyin əldən sizə rahatlıq, şan-şöhrət gətirən vəzifənizi. Əldən düşənədək əldən salın milləti. Sizdən olmayanların nə həddi var yerinizə göz diksin. Dörd əlli yapışın kürsülərinizdən, qoymayın yeniləşsin, tərəqqi etsin, siması dəyişilsin yorğun Azərbaycanın. Prezident qəzəbinə tuş gəlib işdən qovulmayınca, istefa mədəniyyəti də göstərməyin. İstefa nədir, filan nədir, belə şeyi ağlınıza da gətirməyin. Burası Avropa deyil ki, azacıq ictimai etirazla rastlaşan nazir dərhal istefa ərizəsi yazsın. Siz yağ-böyrək içində bəslədiyiniz varislərə buraxın tutduğunuz postları.

Çəpərləyin, qapısından kimsənin girməsinə imkan verməyin, dağıdıb, iflasa uğratdığınız bankları. Əmanətlərə xəyanət edin, dövlət vəsaitindən mayası tutulan bankları çökdürün. Milyonlarla kredit buraxın, kreditləri dədə malı kimi mənimsəyən oliqarxlara. Ağına-bozuna baxmadan, qanundan ehtiyatlanmadan, kreditlər verin dələduzlara. Biri gedib hacı olsun, biri Fransa klubunun himayədarı, baş tacı olsun, biri oğurluğu aşkarlananda tayfa-tüləsini götürüb banklarına paralar yatırtdığı Avropaya üz tutsun. Verməyin kasıblara kreditləri. Gedər ev tikər, sahibkarlıqla məşqul olar, təsərrüfat qurar, övlad oxutdurar, əsgərinə geyim alıb göndərər, razı qalar dövlətindən. Qoymayın əmin-amanlıq, dinclik olsun ölkəmizdə.

Çəpərləyin, vergi ödəyicilərinin üz tutduğu dövlət idarələrin dörd yanını. Keçilməz gömrük səddi yaradın, vergi soyğunçuluğu edin, monopoliyaya götürün, ölkəyə gələn malları. Çökdürün sahibkarları, xeyriyyəçilik hissini öldürün iş adamlarının, azad bazar iqtisadiyyatını boğun vəhşi kapitalizmin caynaqlarında. Nə tutqular, nə basqılar ilgiləndirməsin sizləri, qoymayın dirçəlməyə müstəqil Azərbaycanı. Gürcü baxıb gülsün, rus ”müstəqillik sizə yaraşmır” deyib, rişxənd etsin, erməni qədim peşə sahiblərinin qəhqəhəsini yağdırsın, sizin dövlət adına başaşağılıq gətirən hərəkətlərinizə. Hesab sorulanda quzuya dönün, mərhəmət diləyin, elçilər göndərin dövlət başçısının ünvanına.

Çəpərləyin qəbristanlıqları, məzəndələr qoyun qəbir yerlərinə. Hasarlayın dövrəsini qəbirlərin, məqbərlər ucaldın, qübbələr tikdirin əzizlərinizə. Məzarları da seçilməlidir zənginlərin. Qoymayın zəngin məzarlarınız böyründə, misgin görünən məzarlar qazılsın. Fəqr üçün dünya, özü boyda qəbr yeri deyilmi. Dirisi urvatsız olanın, zəngin qəbirlər içində ölüsünün nə işi. Öl və get faniliklərdən. Yolun açıq olsun, canım soydaşım. Fikirləşmə ki, Allahın bir çatı altında hürr yaratdığı insanın birinin zəngin, digərinin misgin yaşamasından, birinin qəbir üstü məqbərə ucaltmasından, digələrinin qəbir yeri hayına qalmasından hörmətli şeyximiz narahat olar.

Əlbəttə, biz müqəddəs kitabımızda yer alan “möminlərlə kafirlər arasında bir divar yaratdım” hökmündən nəticə çıxarmağı qövmünə qarşı hər çür çəpərləmə siyasəti tətbiq edən şəxslərin öz vicdanına buraxmağın tərəfdarıyıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar