Heç kəs əvəzolunmaz deyil!

Nurəddin İsmayıl

Azərbaycanda bir qrup insanlar var ki, etimad göstərildisə, vəzifəsində bir pillə qabağ çəkildisə, göstərdiyi xidmət müqabilində mükafatlandırıldısa, ordenlə, medalla təltif edildisə və ölkə rəhbərliyinin ona olan simpatiyasını qazandısa, dərhal onda baş gicəllənmə, özündən razılıq, qanunları gözardı etmək, göstərilən etimaddan sui-istifadə meylləri yaranır və adam özünü əvəzolunmaz hesab etməyə başlayır.

Elə bilir ki, göstərilən etimad, verilən ad, idmançı, milli qəhrəman olması, general rütbəsini daşıması, nazir, icra başçısı postunu tutması onu toxunulmaz edir və o qanundan kənar istənilən hərəkəti törədib, cəzasız qala bilər. Anlamaq istəmirlər ki, vəzifə səlahiyyəti varsa, vəzifə məsuliyyəti də var. Etimad göstərilibsə, etmadı doğrultmaq da var.

Son vaxtlar ölkə başçısının bu cür hallara qarşı təpkisi, nazirlərə, oliqarxlara, məmurlara ünvanladığı kəskin mesajlar bir çoxlarının kürkünə birə salıb və onlar törətdikləri qanunsuz əməllərə görə cəzalandırılacaqlarının fərqindədirlər. Vergi orqanları əməkdaşlarının soyqunçuluğu, onların iş adamları ilə sərt rəftarı, gömrük orqanlarındakı süründürmələr geniş müzakirə predmetinə çevrildi və iş o yerə çatdı ki, Prezident azad sahibkarlığın, sərbəst bazar iqtisadiyyatının inkişafını ləngidən, milli iqtisadiyyatın çökməsinə xidmət edən bu əməlləri “vətənə xəyanət” kimi dəyərləndirdi. Hər iki orqandan bir neçə məsul şəxslər işdən azad edilməklə, bu nazirliklərin işlərində dönüş yaradılmasının vacibliyi onlara xatırladıldı və anladıldı ki, dünənki xidmətləriniz bu günkü məsuliyyətsizliyə yol açmamalıdır

Jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinən futbolçu Cavid Hüseynov və qohumlarının haqqında görülən həbs-qətimkan tədbiri başqa idmançılara görk olmalıdır. Nazirliklərdə, komitələrdə, şirkətlərdə, idman federasiyalarında idmançı adı ilə bəslənən qoçular və onların himayədarları anlamalıdır ki, ölkə dərəbəylik üsulu ilə idarə olunmur və hər kəs tutduğu mövqedən, əldə etdiyi imtiyazdan asılı olmayaraq, törətdiyi cinayət əməlinin  layiqli cəzasını alacaq.

Yazıçı Əkrəm Əylisli də dövlət və xalqın ona göstərdiyi etimada, yadda qalan böyük əsərlərə imza atmasına, çağdaş ədəbiyyatın korifeyləri sırasında yer almasına, millət vəkili olmasına arxayın düşüb, toxunulmazlıq iddiasında bulundu və qaniçən erməninin elə bir məzlum obrazını, qanı tökülən azərbaycanlının elə bir qəddar surətini dünyaya təqdim etdi ki, onun toxunulmazlıqdan doğan çaşqınlıq milli hissiyatımıza toxundu və bizi düşmən qarşısında xəcil etdi.

Olsun ki, sən yaxşı idmançı, peşəkar hərbçisən, sənə millət qarşısında xidmətlərinə görə milli qəhrəman adı verilib, sən nazirsən, bank rəhbərisən, tanınmış ədibsən, lakin bu göstəricilər heç kəsi qanunsuzluğa, insanların hüququnu tapdalamağa, milli mənafeyə zidd hərəkətlər etməyə, tabeliyində olan insanları qarışqa kimi əzməyə, dövlət büdcəsini dağıtmağa və  jurnalisti döyüb, öldürməyə sövq etməməlidir.

Harada yazılıb ki, sən nəqliyyat nazirsən deyə, sənin bəslədiyin əmrə müntəzir qoçuların bir tikə ruzi üçün küçələrdə əsir-yesir olan insanları, özləri demişkən, döyməli, söyməli, təhqir etməlidir? Kim oliqarx Hacı İbrahimə, Hafiz Məmmədova səlahiyyət verib ki, nüfuzundan, arxasında duran himayədarların gücündən istifadə edib banklardan milyardlarla pulu kredit adına götürsün, sonra da qaytarmaq haqda düşünməkdənsə, ölkədən qaçmaq haqda fikirləşsin?

Hansı qüvvənin müdafiə etdiyi şəxsdir ki, “Azərbaycan Beynəlxalq Bankı” İdarə Heyətinin sabiq sədri C.Hacıyev beynəlxalq bankı iflas həddinə gətirən kreditorların əməllərinə göz yumur, dövlət büdcəsini dağıdanlarla bir sırada yer alır. Manatın devalvasiyaya uğraması, bankların çökməsi, ölkənin sosial-iqtisadi fəlakətlərə sürüklənməsi onların dağıdıcı, israfçı əməllərinin nəticəsi deyilmi? Onlara qarşı başladılan araşdırmalar, yoxlamalar yerindədir və adam həddini bilməli, oğurladığı, mənimsədiyi paranı qaytarmağa məcbur edilməli və layiqli cəzasını almalıdır. Burada söhbət təkcə iqtisadi cinayətdən, maliyyə maxinasiyasından deyil, dövlətin milli təhlükəsizliyinə vurulan sarsıdıcı zərbədən gedir və gərəkən odur ki, milli təhlükəsizlik orqanları bu işi nəzarətə götürsün.

Azərbaycan Silahl Qüvvələri Baş Hərbi İnspeksiyasının rəisi, Azərbyacanın Milli Qəhrəmanı general-mayor F.Cəbrayılovun, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor M.Abbasovun tutduqları vəzifıədən kənarlaşdırılması sıradan bir hadisə deyil və bu addımlar, ən azından özünü toxunulmaz hesab edən digər hərbi bosslara ciddi siqnaldır.

Yəqin ki, ciddi əyintilər, yeyintilər,  korrupsiya faktları, vəzifə səhlənkarlığı var ki, onların vəzifədə qovulması qərarı verilmişdir. Aydınlaşar, ictimaiyyət işin mahiyyətindən xəbərdar olar. Biz müharibə şəraitində yaşayırıq və aşağıdan yuxarıya bütün hərbçilərin qanuna zidd əməlləri müharibə qanunlara uyğun qiymətləndirilməlidir. Ön cəbhəyə gedən əsgər komandirinin sədaqətindən, vətənə bağlılığından, ləyaqətlə onu təmsil etməsindən arxayın olmasa çətin səngərdə duruş gətirsin. Yeni təyinatların qoyulan tələblərə uyğun gəlib-gəlməməsi isə başqa bir məsələdir.

Hər bir halda son vaxtlar hərbidə rüşvət və korrupsiya faktları üzrə araşdırmaların başlanması, orduda təmizlik işlərinin aparılması müdafiə nazirliyinin işinin yenidən qurulmasına, orduda olan özbaşınalıqların, rüşvət hallarının qarşısını almağa xidmət edən addımlardır və bu ciddi tədbirlər ordumuzu qüdrətli görmək istəyən ictimaiyyət tərəfindən müsbət qarşılanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar