Buna səbəb biznesmenin maddi vəziyyətinin ağır olmasıdır.
"Maddi vəziyyətim pisləşdiyi üçün şirkətlərimdə çalışan 4900 nəfər işçimi ixtisara salmışam."
Bu sözləri anspress-ə açıqlamasında iş adamı, "Avesta" konserinin rəhbəri Hacı İbrahim Nehrəmli deyib.
İş adamı maddi sıxıtılara düşməsinə və işçiləri azad etməsinə səbəb kimi Beynəlxalq Bankda onun adına yalandan borc yazılmasını göstərir.
Nehrəmli deyir: "Mənə məxsus olan “Avesta” konserninin Beynəlxalq Banka 41 milyon manat, “Həsən 96 MMC” şirkətinin isə 50 milyon manat borcu var. Lakin manatın devalvasiyasından iki gün əvvəl həmin məbləği dollara çevrildilər. Bununla da mənə 23 milyon 600 min manat əlavə borc yazıldı. Bu məbləğlərlə birgə adı çəkilən banka olan borcum 450 milyon manat miqdarında müəyyən edildi. Bu kreditlər üzündən maddi vəziyyətim pisləşib və işçiləri azad etməyə məcbur olmuşam."
İş adamı bu problemlərlə bağlı Beynəlxalq Banka dəfələrlə yazılı müraciət etdiyini, müraciətinə baxılmadığı üçün banka getdiyini lakin bankda onu qəbul edən olmadığını da sözlərinə əlavə etdi.
Məsələ ilə Beynəlxalq Bankın mətbuat xidmətindən anspress-ə fikir bildirməkdən imtina edilib.
Hacı İbrahim həmçinin KİV-də 240 min manat dəyərində olan saatının oğurlanması barədə yayılan xəbərə aydınlıq gətirib.
Onun sözlərinə görə isə saatı ona qardaşı Tağı hədiyyə edib. Nehrəmli “Bandotdel”ə aparılarkən saatı qolundan çıxarıb və maşında qoyub. Bu zaman qardaşı hədiyyənin itəcəyindən ehtiyyat edərək saatı götürərək evinə aparıb.
Dindirilmədən sonra avtomobildə saatı tapmayan biznesmen isə bu barədə polisə müraciət edib. Lakin daha sonra saatın qardaşında olduğunu bilib və şikayətini geri çəkib.

Şərhlər