Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və Avropa Birliyini Ukrayna hadisələrinə müdaxilə etməməyə çağırıb. S.Lavrov bildirib ki, Suriya məsələsi ilə əlaqədər olan “Cenevrə-2” sülh konfransı zamanı Ukrayna hadisələrini ABŞ dövlət katibi Con Kerri ilə müzakirə edib. O deyib:
”Mən Con Kerrinin diqqətinə çatdırdım ki, indiki proseslərlə bağlı hər hansı fikir bildirməkdən və müdaxilə etməkdən qaçmaq lazımdır ki, vəziyyət daha da qızışmasın. Ümid edirəm ki, o məni başa düşdü.”
S.Lavrov Ukraynada baş verən qarşıdurmalar mövzusunu Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton və İtaliyanın xarici işlər naziri Emmo Bonino ilə də müzakirə etdiyini bildirib. Bununla əlaqədər olaraq S.Lavrov əlavə edib:
“Mən Kiyevdəki mövcud hökumətin yıxılması naminə müxalifətlə aparılan oyunların nə qədər təhlükəli olduğunun onlar tərəfindən də başa düşüldüyünü hiss etdim. Həmsöhbətlərim bu məsələyə narahatlıqla yanaşaraq vəziyyətin sakitləşməsinə maraq göstərdiklərini bildirdilər. Əsas odur ki, ölkə kənarından müdaxilə olmasın. Ona görə ki, döyüşməyə hazır vəziyyətdə dayanan qüvvələr bundan öz xeyirləri üçün istifadə etməyə çalışacaqlar”.

Şərhlər